İyunun 10-da “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, ya ölüm” filminin təqdimatı olub.
   
   Tanınmış şairə Sona Vəliyevanın Vətən, yurd həsrətli şeirlərindən istifadə olunan filmdə tanınmış türk sənətçisi Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin” mahnıları, Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeiri, Xalq artisti Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında “Qarabağ şikəstəsi” təqdim olunur. Ekran əsərində həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin Şuşaya səfər təəssüratları, şair, bəstəkar Şəmistan Əlizamanlının ifasında Əsəd Kabaklının “Çabuk böyü, çabuk yetiş, tez oğlum” mahnısı, Şuşa mənzərələri, Bakıda Cıdır meydanında Qarabağ atları yetişdirənlərin arzuları əksini tapıb.
   Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov filmin ana xəttinin Vətənə sevgi, məhəbbət üzərində qurulduğunu vurğulayıb. Hər bir yaradıcı şəxs müxtəlif mövzulu əsərlər yarada bilər. Lakin həmin əsərin ana xəttini Vətənə sevgi təşkil etməsə, o, uzun müddət yaşaya bilməz: “Ancaq bu film yaşayacaqdır. Çünki onun qayəsini Vətən sevgisi, Qarabağ həsrəti, mədəniyyətimizə və tariximizə dərin hörmət təşkil edir”.
   Sonra 45 dəqiqəlik film nümayiş olunub.
   Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva film barədə fikirlərini bölüşərək Şuşanın hər azərbaycanlının yaralı yeri olduğunu bildirib: “Biz gözümüzü açandan “Qarabağ şikəstəsi”nə qulaq asmışıq. Bu mahnıda çox böyük bir yanğı və Vətən həsrəti öz əksini tapır. Hər zaman düşünürəm ki, niyə Şuşanın çiçəklənən dövründə də belə yanğılı mahnı oxunurdu? Özlüyümdə belə cavab verirəm ki, Şuşanın hər zaman düşmənlə üz-üzə durması, namərdlərin gətirilib bu qədim Azərbaycan şəhərində yerləşdirilməsi sanki onun taleyi idi. “Qarabağ şikəstəsi”ndə Şuşa sanki öz taleyini yaşayırdı. Şuşa Azərbaycan mədəniyyətinin yüksək zirvəsidir. Mən Şuşanı heç zaman görməmişəm. Ancaq şeirlərimin birində qeyd etmişəm ki, Şuşada mənim bir evim vardır. Bu mənada Şuşa hər bir azərbaycanlının evidir. Biz bu evi düşmənlərdən azad etməliyik”.
   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Xalq artisti Mənsum İbrahimov, türk müğənnisi, şair, bəstəkar Əhməd Şəfəq, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, layihənin rəhbəri Bəxtiyar Qaraca filmin əhəmiyyətindən danışıblar.
   Filmin çəkilişləri Xocavənd rayonunda, Bakı, Şamaxı və İsmayıllıda aparılıb. Ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, operatorlar Elxan Rüstəmov və Manaf Əzizli, inzibatçı Manaf Tağıyev, montaj rejissoru İsmayıl Əhmədiyyədir. Layihənin rəhbəri Bəxtiyar Qaraca, baş məsləhətçisi Əflatun Amaşovdur.