Mədəniyyət və turizm nazirinə “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının xüsusi diplomu təqdim olundu
İyunun 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti Engel Tahirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Qonaqları salamlayan nazir UNESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıqdan danışdı. Bildirdi ki, nazirliyin xətti ilə gerçəkləşdirilən bir sıra layihələrdə təşkilat tərəfdaş kimi çıxış edir, lazımi dəstək nümayiş etdirir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə də UNESCO-nun yaxından iştirak etdiyini diqqətə çatdıran Əbülfəs Qarayev bildirdi ki, qurum tərəfindən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna göstərilən dəstək qarşılıqlı səmərəli əməkdaşlığın sübutudur.
Nazir UNESCO-da Azərbaycana böyük maraq olduğunu vurğuladı: “Bu, mədəniyyət, təhsil, turizm və digər sahələrdə hiss olunur. Biz də bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıyıq. Beynəlxalq tədbirlərin təşkilində artıq uğurlu nümunələr ortaya qoya bilmişik”.
Səmimi qəbula görə minnətdarlığını bildirən UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru Engel Tahirov Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, Azərbaycanla həm UNESCO-nun, həm də institutun xətti ilə qurulan münasibətlər çox məhsuldar və əhəmiyyətlidir. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaq peşəkar təşkilatçılığa görə Azərbaycan tərəfinə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırdı. Qonaq respublikamızın günü-gündən inkişaf etdiyini məmnunluqla dilə gətirdi: “Biz Azərbaycanda gedən inkişafa həm qibtə edir, həm də sevinirik”.
Öz növbəsində nazir bu inkişafın ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi böhran, Qarabağ müharibəsi insanlarda dərin ümidsizlik yaratmışdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu vəziyyət dəyişdi, Azərbaycanın müstəqilliyi möhkəmləndi, ölkəmiz dirçəliş yoluna qədəm qoydu.
Görüşdə nazir Əbülfəs Qarayevə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının xüsusi diplomu və fəxri akademik lenti təqdim olundu. Mükafata görə minnətdarlığını bildirən Əbülfəs Qarayev qeyd etdi ki, rəhbərlik etdiyi nazirlik bütün beynəlxalq təşkilatlarla, o cümlədən UNESCO ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Sadiq Musa