Mədəniyyət və turizm naziri Bakıda Rusiya Gününə həsr olunmuş mərasimdə çıxış edib
İyunun 11-də Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Gününə həsr edilmiş təntənəli mərasim keçirilib.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin qonaqları salamlayaraq əlamətdar gün haqqında məlumat verib. Bildirilib ki, 1990-cı il iyunun 12-də Rusiya Xalq Deputatları Qurultayı “RSFSR-in dövlət suverenliyi haqqında bəyannamə” qəbul edib. Bu qərar Rusiyanın tarixi inkişafında yeni mərhələnin başlanğıcı olub, ölkə tarixində ilk dəfə plüralizm, demokratiya, bazar iqtisadiyyatı, insan hüquqlarına hörmət yoluna qədəm qoyub.
Rusiyanın Azərbaycanla qonşuluq əlaqələrindən bəhs edən səfir ikitərəfli münasibətlərinin qurulmasında bu il 90 illik yubileyi qeyd edilən ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu xüsusi vurğulayıb. Diplomatın sözlərinə görə, Rusiya Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirmək, qonşusunu güclü, sabit və tərəqqi edən ölkə kimi görmək istəyir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Rusiya ilə Azərbaycan tarixən, uzun illər boyu bir-birinə bağlı olublar. Ölkələrimiz arasında münasibətlər həmişə qarşılıqlı anlaşma və dostluq zəminində qurulub. Nazir qeyd edib ki, bu dostluq münasibətlərinin əsası ümummilli lider Heydər Əliyevin Rusiyaya ilk səfəri zamanı qoyulub. İki ölkə arasında dostluq və əməkdaşlıq haqqında sənədlər imzalanıb. Birgə mədəni tədbirlərin, çoxsaylı forumların və konfransların keçirilməsi bunun nəticəsidir. Hazırda Rusiyanın ali məktəblərində, habelə Moskva Dövlət Universitetinin Bakı filialında xeyli azərbaycanlı tələbə təhsil alır.
Sonra səfir Vladimir Doroxin Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə Rusiyanın “Dostluq ordeni”ni təqdim edib. A.Fərzəliyev Rusiya Prezidentinin fərmanı ilə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə bu yüksək mükafata layiq görülüb.
Rusiya Prezidentinə təşəkkürünü ifadə edən icra başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Həştərxan vilayətində bir sıra müştərək layihələr həyata keçirilir. Bu layihələr regionun sosial sahəsinə sanballı investisiyalar cəlb edib. Həştərxanda Rusiya-Azərbaycan dostluq körpüsü, Heydər Əliyev adına park istifadəyə verilib. Sosial yönlü bir sıra başqa müştərək layihələrin həyata keçirilməsi barədə danışıqlar aparılır.
Mərasimdə Azərbaycan Milli Məclisinin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.