Qonaqlar respublikamıza səfər çərçivəsində Qəbələnin mədəniyyət və turizm imkanları ilə tanış olublar
   
   İyunun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Körfəz Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyani və bu quruma üzv ölkələrin səfirlərini qəbul edib.
   
   Tərəflər Azərbaycanla Ərəb körfəzi ölkələri arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Görüşün yekununda ölkəmizlə qurum arasında əməkdaşlığın inkişafına dair qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
   Elmar Məmmədyarov bildirib ki, sənəd əməkdaşlıq üçün yeni imkanlar açacaq. Öz növbəsində Rəşid Əl-Zəyani qeyd edib ki, imzalanan memorandum Azərbaycanla iqtisadiyyat, mədəniyyət, ticarət və investisiyalar sahəsində əlaqələrin gücləndirilməsinə əsas yaradacaq. Qonaq Azərbaycanı və Körfəz ölkələrini ümumi maraqların birləşdirdiyini vurğulayıb.
   Qeyd edək ki, Körfəz Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonunda olub. Qonaqlar rayonun turizm imkanları ilə maraqlanıb, istehsal müəssisələrinə baş çəkiblər.
   Nümayəndə heyətinin üzvlərinə inşası davam etdirilən “Tufan” dağ-xizək istirahət kompleksi barədə də məlumat verilib. Bildirilib ki, Qəbələ şəhərindən təxminən 4 kilometr məsafədə dağlıq ərazidə yerləşən, əlverişli şəraitə malik olan bu turizm obyektində yay-qış istirahəti üçün geniş imkan yaradılacaq. Burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.
   Qonaqlar Qəbələ konserv zavodu və “Beltmann” piano fabrikində də istehsal prosesini izləyiblər.
   Daha sonra nümayəndə heyəti rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində olub. Kompleksin ərazisində Olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə, həmçinin uşaq və yeniyetmələr üçün tədris mərkəzi yaradılıb.
   Rayonla tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyətinin üzvləri Qəbələnin füsunkar təbiəti, geniş turizm potensialı olduğunu vurğulayıblar.