Elçin - 70
   
     
   İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi. İştirakçılar əvvəlcə akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.
   
   Tədbiri Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü Teymur Kərimli açaraq çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli yazıçı Elçinin yaradıcılığından söz açdı. Çıxışına söz mülkünün sultanı böyük Füzulinin
   
   “Gör, nə sultanəm məni-dərviş kim, feyzi-süxən
   Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.
   Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həq,
   Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri”

   
   misraları ilə başlayan Teymur Kərimli bildirdi ki, dahi şairin bu fəxriyyəsini böyük istedad sahibi olan qələm əhlinə aid etmək mümkündür. Xalq yazıçısı Elçin məhz belə sənətkardır: “Məşhur deyim var ki, istedad çoxyönlü olur, münbit tarlaya axan təmiz bulaq suyu kimi şaxələrə, qollara ayrılır, hər şaxəsi, qolu da özünə görə gözəl, ürəyəyatan məhsullar verir. Elçinin böyük istedadı da özünü bədii və elmi ədəbiyyatın ən müxtəlif janrlarında bütün parlaqlığı ilə göstərir”.
   Qeyd olundu ki, Elçin alimliyi yazıçılığına, yazıçılığı da alimliyinə tən gələn bir sənətkardır: “Onun “Ədəbi düşüncələr”, “Elçinlə ədəbiyyat söhbəti” kitablarını oxuyarkən dünya ədəbiyyatına bu qədər yaxından bələdliyi təsəvvürə belə gətirəndə adamın başı gicəllənir. Ancaq ən başlıcası odur ki, Elçin bu qədər dərin mütaliə informasiyası içində gövhəri ərəzdən ustalıqla ayırır. Bu da onun, təkcə Azərbaycan ədəbiyyatşünaslığının deyil, rus, Avropa və bütövlükdə dünya ədəbiyyatşünaslığının da nümayəndəsi adlandırılması üçün kifayət qədər yetərlidir. Ancaq ən maraqlısı odur ki, yazıçı Elçin əlinə qələm alan kimi sanki bütün oxuduqlarını unudur, masanın arxasına və hadisələrin səhnə arxasına keçərək, heç bir təsirə düşməyən bizim tanıdığımız doğma və məhrəm Elçin olur. Ədəbi avtoritetlərə və miflərə inanmayan Elçin isə yalnız öz təxəyyül dünyasında yaratdığı miflərə oxucunu inandıra bilir. Onu sevdirən də bəlkə elə bir yaradıcı şəxsiyyət kimi bu cür özgürlüyüdür. Elçin artıq 50 ildən artıqdır ki, qələmi və elmi ilə Azərbaycan xalqına xidmət edir. Təkcə Azərbaycan xalqınamı? Yox, bütün insanlığa...”
   Teymur Kərimli məruzəsini bu sözlərə bitirdi: “Biz bu gün həm də qürur duyuruq ki, bir ədəbiyyatşünas alim kimi Elçin Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun yetirməsidir. İnstitutun bütün kollektivi adından onu şanlı yubiley münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, yaradıcılığında və dövlətçilik fəaliyyətində yeni parlaq uğurlar diləyirəm”.
   
   Böyük yazıçının ədəbiyyata gətirdiyi kiçik adamlar
   
   AMEA-nın vitse-prezidenti, görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli yazıçının çoxşaxəli yaradıcılığı barədə məruzə ilə çıxış etdi. Yubilyarın görkəmli ədib, tənqidçi, böyük ictimai xadim kimi fəaliyyətinə toxunan İsa Həbibbəyli “Hər şey yazıçı Elçindən başlayır - tənqidçi Elçin də, ictimai fəaliyyət də yazıçılıqdan başlayır. Yazıçılıq Elçin müəllimin fəaliyyətinin onurğa sütununu təşkil edir”, - deyə bildirdi. Akademik sovet dönəmində Elçinin qələmə aldığı kiçik adamların taleyində həm də Azərbaycan xalqının taleyini ədəbiyyata gətirdiyini vurğuladı, bunu böyük yazıçı cəsarəti adlandırdı. Məruzəçi yazıçının “Baladadaşın ilk məhəbbəti” və bu silsilədən olan digər hekayələrini, “Dolça” povestini, “Mahmud və Məryəm” romanını ədəbiyyatımızın mükəmməl nümunələri kimi dəyərləndirdi.
   
   Obrazlar yaradan yazıçının obrazı
   
   Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Xalqın və sənətkarın obrazı” mövzusunda məruzə ilə çıxış etdi. Elçinin yaratdığı obrazlar fonunda müəllifin öz obrazının canlandığını deyən məruzəçi bir yazıçı, alim, ictimai xadim kimi bu obrazının xalq tərəfindən sevildiyini vurğuladı: “70 illik ömrün və 50 illik yaradıcılığın zirvəsindən geriyə baxmağa dəyər. Bu zirvədən sənətkar ömrünü səhifələdikcə xalqın bədii yaddaşında yer etmiş iki obraz nəzərimizdə canlanır: sənətkarın obrazı və onun yaratdığı xalq obrazı”.
   
   Klassika mərtəbəsinə yüksəlmiş ədəbiyyat
   
   Filologiya elmləri doktoru Tehran Əlişanoğlunun “Nəsrin və əsrin yaddaşı” mövzusunda məruzəsi də maraqla qarşılandı: “Əslində, geniş mənada Elçinin nəsri elə hekayəçilikdən ibarətdir. Həcmcə də, elə tipologiya etibarilə də. Yazıçının 2006-cı ildə işıq üzü görmüş 10 cildliyinin 1-ci cildi hekayələrdən ibarətdir; 2-3-cü cildləri povestlərdən, yəni yenə də elə “təhkiyə”, yaxud türklərin dediyi kimi, “uzun hekayə”lərdən və kino-povest, yəni kino-hekayətlərdən ibarətdir. 4-cü və 5-ci cildlərdə Elçinin məşhur romanları - “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” yer alıb ki, Elçinin nəsr üslubuna nəzərən bunlara da elə meta-təhkiyələr demək olar...”
   Qeyd olundu ki, hər bir yazıçının Zamanda və Zamanı yaşamasına uyğun yaradıcılıq ritmi-tempi, nəfəsi olur: “Akkord bir başlanğıcla gələn-gəlişən mətnlər hansı məqamdasa zirvəyə yetir, tədricən səngiyir, yaradıcılıq dalğası enir; ta ki yeni dalğa, yeni başlanğıclar, yeni akkordlar gələnəcən, sonra yaradıcılıq ritmi eyni və yaxud yeni templə təzədən təkrarlanır, davam edir... Bu hesabla Elçin hekayəçiliyini mən təqribən üç dövr-çevrə-mərhələdə təsnifləndirərdim. Birinci dövr “Sarı pencək” (1968), “Qatar. Pikasso. Latur. 1968” hekayələri ilə başlayır, təqribən “Şuşaya duman gəlib” (1977), “Dolça” (1978) hekayətlərinəcən davam edir. Bu, yazıçının yaradıcılığında, necə deyərlər, “Baladadaşın ilk məhəbbəti” (1972) mərhələsidir; mən şərtən bu dalğaya “iç hekayələri” adını verirəm; zirvə məqamına “Bir görüşün tarixçəsi” hekayətində yetir. Və bu sıraya habelə Elçinin “Beş qəpiklik motosikl”, “Qırmızı ayı balası”, “Gümüşü, narıncı, məxməri”, “Bu dünyada qatarlar gedər”, “Talvar”, “Toyuğun diri qalması” (1977) və s. məşhur mətnləri daxildir... Elçinin nəsri klassika mərtəbəsinə yüksəlmiş bir ədəbiyyatdır”.
   
   Fədakar alim

   
   Elmi sessiyada professor Bədirxan Əhmədov “Milli dramaturgiyamızda Elçin mərhələsi” mövzusunda məruzə ilə çıxış etdi. Ədibin yaradıcılığında dramaturgiyanın xüsusi yeri olduğunu deyən məruzəçi “Poçt şöbəsində xəyal”, “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Ah, Paris, Paris!..”, “Qatil”, “Şekspir”, “Arılar arasında”, “Teleskop” və digər bir-birindən maraqlı pyeslərin Azərbaycan səhnəsinə gətirdiyi yeniliklərdən və uğurlardan söz açdı.
   Filologiya elmləri doktoru Sara Osmanlı məruzəsində Elçini həm də professional tənqidçi, ədəbiyyatşünas və nəzəriyyəçi kimi təhlil etdi, yazıçının fundamental monoqrafiyalarından, kitablarından, elmi-tədqiqat əsərlərindən və çoxsaylı nəzəri-estetik məqalələrindən söz açdı.
   Məruzələr ətrafında çıxış edən AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, professor Qəzənfər Paşayev, şair Oqtay Rza, filologiya elmləri doktoru Asif Rüstəmli yazıçının özünəməxsus yaradıcılıq yolundan danışdılar, yubilyara yeni-yeni uğurlar arzuladılar.
   Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun həmkarlar ittifaqı idarə heyətinin qərarı ilə Xalq yazıçısı Elçinə “Fədakar alim” fəxri diplomu təqdim edildi.
   Sonda çıxış edən yazıçı ömrünün 10 ilinin Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu, nəzəriyyə şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başladığını xatırladı, bu görüşü unudulmaz hadisə kimi dəyərləndirdi, müəllimlərindən söz açdı. Yubilyar Milli Elmlər Akademiyasının və Ədəbiyyat İnstitutunun rəhbərliyinə, səmimi, səviyyəli məruzələrə görə məruzəçilərə, görkəmli alimlərə təşəkkürünü bildirdi.
   
   Təranə Vahid