Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə iyulun 17-18-də Qubada “Mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
   
   Konfransa Azərbaycan, Rusiya, İsrail və ABŞ-dan olan dövlət və ictimai xadimlər, diplomatlar, respublikanın azsaylı xalqlarının nümayəndələri, milli-mədəni icma təmsilçiləri, alimlər, mədəniyyət xadimləri qatılıb. Tədbir “STMEGİ” beynəlxalq xeyriyyə fondunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Quba Rayon İcra Hakimiyyətinin, Rusiya Elmlər Akademiyasının iştirakı ilə gerçəkləşib.
   Konfransda millət vəkilləri Vahid Əhmədov, Yevda Abramov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, İsrail dövlətinin Azərbaycandakı səfirinin vəzifələrini icra edən Ronen Krauz, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış ediblər.
   “STMEGİ" xeyriyyə cəmiyyətinin sədri German Zaxariyayev tədbirin mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını bildirib.
   Çıxış edənlər Azərbaycan dövlətinin milli azlıqların milli-mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində apardığı uğurlu siyasətdən danışıblar. Konfrans yeni praktik yolların öyrənilməsinə və millətlərarası münasibətlərin inkişafına, eləcədə etnik və mədəni qarşılıqlı münasibətlərin inkişafına yardım edəcəyi vurğulanıb.
   Konfrans iştirakçıları Azərbaycanda dini tolerantlığın bariz nümunələrindən sayılan dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə ilə tanış olublar.