İyulun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba şəhərindəki Bəşir Səfəroğlu adına Mədəniyyət evində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından vətəndaşları qəbul etdi. 

   Qəbulda Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov, şöbə müdirləri və məsul işçilər iştirak edirdilər.
   Qeyd edək ki, 40-dan çox vətəndaş əvvəlcədən mct@mct.gov.az elektron poçt ünvanı, eservices.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı.
   Vətəndaşların nazirlə görüşündə bir sıra məsələlər qaldırıldı, xahiş və təkliflər səsləndi. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin bərpası, yerlərdəki uşaq və incəsənət məktəblərində yeni ixtisasların açılması, məktəblərə əlavə dərs vəsaitlərinin verilməsi, bölgədə turizmin inkişafı, xalçaçılıq sənətinin təşviqi və digər məsələlərlə bağlı idi. Vətəndaşların bu cür əhəmiyyətli mövzularda həssaslıq nümayiş etdirməsini təqdirəlayiq hal kimi qiymətləndirən nazir qeyd etdi ki, bütün xahiş, təklif və təşəbbüslər diqqətlə nəzərdən keçiriləcək.
   * * *
   Qəbula gəlmiş vətəndaşlarla biz də həmsöhbət olduq. Qusar rayonu Hill kənd sakini Dostəli Mürsəlov kənd məscidinin bərpası ilə bağlı nazirə müraciət edəcəyini bildirdi: “Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Quba və ətraf rayonlarda bir çox tarixi abidələr bərpa olunur. İstərdik ki, 18-ci əsrə aid, çiy kərpicdən tikilmiş Hill kənd məscidi də proqrama salınaraq bərpa olunsun və ya yenidən qurulsun”.
   Qusar şəhərindən qəbula yazılmış fermer Binyan Zalov isə bölgədə turizm imkanlarının artırılması və bu obyektlərin qida məhsulları ilə təminatı təklifini irəli sürəcəyini bildirdi: “Bilirsiniz ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksi rayon ərazisində və ümumiyyətlə, ölkədə ən böyük turizm mərkəzidir. Təbii ki, belə bir mərkəzin qida və kənd təsərrüfatı məhsulları ilə təminatı vacib məsələdir. Mən uzun illərdir fermer təsərrüfatı ilə məşğul olan şəxs kimi cənab nazirə təklif edəcəyəm ki, kompleksin bazasında ayrıca ferma yaradaq və istirahət mərkəzini ət və süd məhsulları ilə təmin edək”.
   Siyəzən şəhər uşaq incəsənət məktəbinin müəllimi Hacı Lalayev məktəbdə dərs vəsaitlərinin azlığı ilə bağlı müraciət edəcəyini dedi: “Məktəbimizdə tədrisin həyata keçirilməsi üçün nazirlik tərəfindən yaxşı şərait yaradılıb. Bütün musiqi alətlərimiz, ixtisaslı müəllimlərimiz var. Yalnız kamança və nağara ixtisasları üzrə dərs vəsaitlərimiz azdır. Cənab nazirdən bu istiqamətdə köməklik göstərməsini xahiş edəcəyəm”.
   Quba rayonundan qəbula yazılmış “Aygün” firmasının direktoru: Xalçaçılıq Assosiasiyasının prezidenti Fatimət Ağamirzəyeva isə xalçaçılığın inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürəcəyini bildirdi. “Xalçalarımız qonşu dövlətlər tərəfindən mənimsənilir, Çində istehsal olunmuş xalçalar bizim adımızdan bazara çıxarılır. Bütün bunların qarşısının alınması, patentləşdirmə və digər bu kimi məsələlərdə cənab nazirdən bizə köməklik göstərilməsini xahiş edəcəyəm. Bundan əlavə, xalçaçılıqda istifadə olunan təbii boyaların alınması üçün rayon ərazisində bitki plantasiyalarının salınmasını təklif edəcəyəm”.
   Şabran rayonundakı Q.Musabəyovun ev-muzeyinin baş fond mühafizi Qaraxanım Şeydiyeva isə xahişinin muzeyin ekspozisiyasının yenidən qurulması ilə bağlı olduğunu dedi: “Ev-muzeyi uzun müddətdir ki, fəaliyyət göstərir. Bu səbəbdən ekspozisiyanın yenidən qurulmasına ehtiyac var. Cənab nazirdən xahiş edəcəyəm ki, bu işdə bizə köməklik göstərilsin”.
   Həmsöhbət olduğumuz digər vətəndaşların da müraciətləri ümumilikdə mədəniyyət müəssisələrinin fəaliyyəti, maddi-texniki bazasının yaxşılaşdırılması, mədəniyyət və turizmlə bağlı müxtəlif təşəbbüslərin dəstəklənməsi ilə bağlı idi. Bir qisim vətəndaş isə işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması və digər sosial məsələlərlə bağlı qəbula gəlmişdi.
   * * *
   Mətbuata açıqlamasında nazir Əbülfəs Qarayev vurğuladı ki, bütün müraciətlərin müsbət həlli istiqamətində lazımi tədbirlər görüləcək: “Burada bir çox müraciətlər edildi. Xalçaçılığın inkişafı, tarixi abidələrin bərpası, turizmin inkişafı, yeni mədəniyyət müəssisələrinin açılması ilə bağlı əhəmiyyətli fikirlər səsləndirildi. “Şahdağ” turizm kompleksində işlə təmin olunma ilə bağlı xahişlər edildi, mədəniyyət müəssisələrində yeni iş yerlərinin açılması ilə bağlı müraciətlər oldu. Xalçaçılıqla bağlı çox mühüm məsələlər qaldırıldı. Düşünürəm ki, payız aylarında xalça sənəti ilə bağlı dövlət proqramının hazırlanması ilə məşğul olacağıq. Tarixi abidələrin bərpası ilə bağlı rayon ərazisində hazırda işlər aparılır. Rayonun gələcək inkişaf proqramında digər abidələrin də bərpası nəzərdə tutulur. İşlə təminat və digər məsələlərlə bağlı xahişlər də nəzərdən keçiriləcək. Çalışacağıq ki, bütün müraciətlər müsbət həll olunsun”.
   
   Sadiq Musa