Qəbələdə dövlətlərarası proqramın təntənəli açılışı keçirilib
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qəbələ şəhəri Belarusun Mogilyov və Ermənistanın Gümrü şəhəri ilə birlikdə Müstəqil Dövlətlər Birliyinin 2013-cü il üzrə “Mədəniyyət paytaxtları” nominasiyasına daxil edilib. Bu barədə qərar MDB-yə üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun 2012-ci ilin oktyabrında Aşqabadda keçirilmiş iclasında qəbul olunub və dekabrın 6-da MDB dövlət başçılarının sammitində təsdiqlənib.
İyunun 29-da Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları-2013” dövlətlərarası proqramının təntənəli açılışında “Mədəniyyət paytaxtı” sertifikatının təqdim edilməsi mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olublar.
Mərkəzdə keçirilən mərasimdə Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu qonaqları salamlayıb. Qeyd olunub ki, mərasimə MDB-nin 10-dək ölkəsinin rəsmi nümayəndəsi qatılıb.
Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdıran Polad Bülbüloğlu Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Fond MDB məkanında humanitar əməkdaşlığın genişlənməsinə xidmət edir. MDB ölkələrinin xalqları uzun illər bir yerdə yaşadığı üçün mədəniyyətlərimiz arasında fəal dialoqun olduğunu qeyd edən səfir Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsinin də bu dialoqa töhfə olacağını deyib. Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin MDB ölkələrinin xalqları arasındakı əməkdaşlığın inkişafında əvəzolunmaz rolunu minnətdarlıq hissi ilə qeyd edib.
Qəbələnin beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi etdiyini deyən diplomat, Azərbaycanın bu qədim şəhərinin klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə burada ənənəvi beynəlxalq musiqi festivalının keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu tədbirlər Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi siyasətin, paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarının da sürətlə inkişaf etməsinin göstəricisidir.
Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğızıstan Respublikasının Prezidenti Aparatının eksperti Zayırbek Erqeşov, Moldova Mədəniyyət Nazirliyinin “Moldova-Konsert” Milli-Mədəni Mərkəzinin sədri Valentin Qoqa tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Azərbaycanda beynəlxalq mədəni tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaqlar Bakının sürətlə inkişaf etdiyini və bu inkişaf tempinin Qəbələnin timsalında regionlarda da özünü göstərdiyini vurğulayıblar.
Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edən Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov Qəbələdə yüksək qonaqpərvərliklə qarşılanmalarından məmnunluq ifadə ediblər.
Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi olub. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı minnətdarlığını ifadə edib. Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.
Mərasimdə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubaev MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin təbrik məktubunu oxuyub. Məktubda bildirilir ki, Qəbələyə bu adın verilməsi təsadüfi deyil. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubunu isə bu ölkənin Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov iştirakçılara çatdırıb. Məktubda qeyd olunur ki, Qəbələnin bu ada layiq görülməsi şəhərin zəngin mədəniyyəti və tarixi ilə bağlıdır.
Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu Qəbələnin MDB şəhərləri arasında mədəniyyət paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayaraq ilin sonunadək burada müxtəlif mədəni tədbirlərin keçiriləcəyini deyib. Səfir bu tədbirlərin Azərbaycan mədəniyyətinin MDB ölkələrində təbliği baxımından da böyük önəm kəsb etdiyini bildirib.
Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikat rayon İcra Hakimiyyətinin başçısına təqdim olunub.
Mərasimin sonunda Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunub.