Bakıda beynəlxalq simpozium keçirilir
İyunun 27-də Bakıdakı Qafqaz Universitetində VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlayıb.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir universitetin “Qafqaz Araşdırmaları İnstitutu”, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyənin Səlcuq Universiteti və Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi tərəfindən təşkil olunub.
Azərbaycan, Türkiyə, Rusiya, İran, İtaliya və digər ölkələrdən alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbirdə “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli ümummilli liderin misilsiz tarixi xidmətlərindən, mədəniyyətə, incəsənətə, mədəni irsin mühafizəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, beynəlxalq simpozium türk dünyasında mədəni irsin araşdırılması, qorunması, təbliği, zəngin türk mədəniyyəti, incəsənəti, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi, türkdilli ölkələrdə mədəni və arxeoloji turizmin təbliği və digər mövzuları əhatə edir.
Türkiyənin Səlcuq Universiteti və Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin təmsilçisi Əhməd Aytaç türk mədəniyyəti, incəsənəti, mədəni irsin mühafizəsi ilə bağlı fikirlərini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə xüsusi önəm verdiyini xatırladıblar. Tarix, mədəniyyət, incəsənət və mədəni irsimizin zənginliyi barədə danışan alimlər bu zənginliyin dərindən araşdırılmasının, təbliğ edilməsinin zəruriliyini vurğulayıblar.
Digər ölkələrdən olan alim və mütəxəssislər də beynəlxalq simpoziumun əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra tədbir bölmə iclasları ilə davam edib. İyunun 29-da başa çatacaq beynəlxalq simpoziumda 150-dən çox məruzə dinləniləcək.
Qeyd edək ki, türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi mövzusunda simpoziumlar bundan öncə Türkiyə, Misir, İspaniya və İtaliyada keçirilib.