Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Hacıbəyov-Tağızadənin anadan olmasının 101-ci ildönümü münasibətilə görkəmli sənətkarın xatirəsi anıldı.
   
   Həmin gün sənətkarın mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək maestronun məzarı üzərinə tər çiçəklər düzdülər. Görkəmli sənətkarın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Sonra mənzil-muzeydə maestronun anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi.
   Əvvəlcə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova Niyazinin əsərlərini ifa etdi. Muzeyin direktoru Rza Bayramov çıxış edərək bildirdi ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri çox böyükdür. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. O, Azərbaycan bəstəkarlarının əsərlərini dünyada tanıdıb. Onların təbliğində xüsusi rol oynayıb. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Böyük sənətkarın yaradıcılığı əsl məktəbdir və gələcək nəsillər üçün bənzərsiz örnəkdir.
   Qeyd olundu ki, Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunub. Görkəmli sənətkarın ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırıb. Daha sonra Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi edib. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
   Görkəmli sənətkarın adı Azərbaycan bəstəkarlıq məktəbinin məşhur simaları ilə birgə çəkilir. Onun “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı, “Qaytağı”, “Konsert valsı” və s. əsərləri Azərbaycan musiqi mədəniyyətinin inciləri hesab olunur. Maestro görkəmli hind ədibi R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülüb.
   Qeyd edək ki, görkəmli sənətkarın doğum günü münasibətilə mənzil-muzeyində “Açıq qapı” günü keçirildi. Gün ərzində ziyarətçilərə Niyazinin taleyi və bənzərsiz sənəti haqqında geniş məlumat verildi, musiqi bəstələdiyi filmlərdən fraqmentlər nümayiş olundu.
   
   Savalan Fərəcov