Nazir Əbülfəs Qarayev İtaliya, Yunanıstan və Argentinanın ölkəmizdəki yeni səfirləri ilə görüşüb
Sentyabrın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın Azərbaycanda yeni səfiri Ciampaolo Kutillo ilə görüşüb. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, onun diplomatik fəaliyyətinin iki ölkə arasında əlaqələrə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində mövcud münasibətlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın mədəni irs mərkəzlərindən olan İtaliyada təşkil olunmuş tədbirlər qədim və zəngin tarixə malik Azərbaycan mədəniyyətinin bu ölkədə tanınmasında əvəzolunmaz rol oynayır. Bununla yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin çoxəsrlik tarixə malik olması iki xalq arasında sıx bağların formalaşmasına təsir edib.
Turizm sahəsində əlaqələrin inkişafına ümid etdiyini deyən nazir, bu sahədə iki ölkənin turizm şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir öz növbəsində qeyd olunan xoş sözlərə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu deyib. O, həmçinin mədəniyyət və turizm sahələrində həyata keçirilən geniş potensiala malik layihələrin sayının gələcəkdə daha da artırılması zərurətinə diqqət çəkib.
Tərəflər görüşdən məmnunluq ifadə edərək ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafına əmin olduqlarını bildiriblər.
* * *
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Dimitrios Tsounqas ilə görüşüb. Səfirə təbrik və xoş arzularını çatdıran nazir bildirib ki, Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı son illərdə daha da sürətlənib. Bu münasibətlərin göstəricisi olaraq iqtisadiyyat və enerji sahəsində həyata keçirilən layihələrlə yanaşı, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində geniş əməkdaşlıq potensialının olduğu vurğulanıb.
Səfir görüşə görə minnətdarlığını bildirərək, Azərbaycanda fəaliyyəti dövründə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin daha da dərinləşməsinə səy göstərəcəyini deyib.
Görüşün sonunda ikitərəfli əlaqələrin mədəniyyət, turizm və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
* * *
Sentyabrın 17-də nazir Əbülfəs Qarayev Argentinanın Azərbaycanda yeni səfiri Karlos Dante Riva ilə də görüşüb. Nazir son illər Argentina və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına diqqət çəkərək, siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə qurulmuş əlaqələrin mədəniyyət və turizm sahəsinə də nüfuz edəcəyinə ümidvar olduğunu bildirib. Müxtəlif qitələrdə yerləşən ölkələrimizin qarşılıqlı maraq doğuracaq mədəni təmaslarının artırılması və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Səfir öz növbəsində səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Azərbaycanın mədəniyyət və turizm sahəsində əldə etdiyi uğurlardan xəbərdar olduğunu deyib, diplomatik fəaliyyəti dövründə ikitərəfli mədəniyyət və turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.