“Böyük kitab sərgilərinin keçirildiyi şəhərlərin sırasına Bakının da adının əlavə olunması bizi sevindirir”
Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunu ilə bağlı iclas keçirilib. İclasda nazirliyin sərgi-yarmarkanın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupu, "Rubicon" şirkətinin, reklam və təşkilati işlərlə bağlı cəlb edilən şirkətlərin əməkdaşları, Milli Kitabxananın rəhbəri və media nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev sərgi-yarmarkanın uğurla başa çatdığını, xarici ölkələrin bu tədbirə böyük maraq göstərdiyini deyib. Bildirilib ki, Bakıda beynəlxalq kitab bayramlarının keçirilməsi şəhərimizi, digər mədəniyyət sahələri kimi, kitab sənətinin də paytaxtına çevirir.
Vaqif Əliyev sərgi-yarmarkanın yekunları barədə geniş məlumat verərək bildirib ki, Azərbaycanın kitab mədəniyyəti günü-gündən inkişaf edir: “Budəfəki sərgi-yarmarkanın ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilməsi sərginin ictimai, mədəni əhəmiyyətini daha da artırdı. Sərgi işini uğurla başa çatdırdı. Biz artıq 2015-ci ildə keçirilməsi nəzərdə tutulan IV Bakı Kitab Sərgi-Yarmarkasına hazırlaşmalıyıq. İndi biz Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkalarının keçdiyi yola nəzər salmalı, müəyyən boşluqları aradan qaldırmalıyıq. Bilirsiniz ki, bu dəfə sərgi açıq havada keçirildi, müəyyən iqlim dəyişikliyi, yağış olsa da, heç bir ciddi problem yaranmadı, təbii ki, bütün bunlar tədbirə hazırlıq səviyyəsinin göstəricisidir. Bundan başqa, budəfəki sərgidə media nümayəndələri əvvəlki illərdə olduğu kimi sərginin işıqlandırılmasında, sərgi-yarmarkanın təbliğində əvəzsiz rol oynadılar. Sərgi-yarmarka ilə əlaqədar yaradılan, üç dildə fəaliyyət göstərən www.bakubookfair.com saytı istər dünya, istərsə də Azərbaycan kitab mədəniyyətinin, nəşr sənətinin inkişafının operativ izlənməsi, işıqlandırılması baxımından uğurlu iş sayıla bilər. Saytın daimi fəaliyyəti üçün də lazım olan addımlar atılacaq”.
Nazirin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə bağlı tədbirlər, eləcə də Avropa Milli Kitabxanaları Konfransı (CENL) XXVII illik və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edib: “Milli kitabxana direktorlarının, iclas iştirakçılarının, xarici ölkə nümayəndələrinin sərgimizdə aktiv iştirakı əhəmiyyətli hadisə kimi qeyd edilməlidir. Nəzərə alsaq ki əksər ölkə nümayəndələri öz hesablarına sərgiyə qatılmışdı, bu hal ondan xəbər verir ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünya naşirlərinin, yazarların maraq və diqqətindədir. Dünyada məşhur olan Frankfut, İstanbul, Paris, London, Moskva və s. kimi böyük kitab sərgilərinin keçirildiyi şəhərlərin sırasına Bakının da adının əlavə olunması bizi sevindirir. Sonda bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, iştirakçısı olduğumuz beynəlxalq kitab sərgilərinin ənənələrini öyrənməli, gələcək tədbirlərimizdə uğurlu ənənələrin təmsilçisinə çevrilməliyik. Bir daha III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının uğurla başa çatdırılması münasibətilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm".