Ölkəmizin Daşkənddəki səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı-publisist, türkoloq, tarixi əsərlər müəllifi Yunus Oğuzun özbək dilində nəşr edilmiş “Əmir Teymur” romanının təqdimatı keçirilib.
   
   Əsəri özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib. Tədbirdə Özbəkistanın ədəbiyyat və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbə və müəllimlər iştirak ediblər.
   Mərkəzin direktoru Samir Abbasov tədbiri açaraq Yunus Oğuzun həyat və yaradıcılığı, o cümlədən “Əmir Teymur” romanı haqqında məlumat verib. Qeyd olunub ki, müəllifin indiyədək “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları işıq üzü görüb. Bu kitabların bir qismi Türkiyədə də nəşr olunub, eləcə də rus dilinə tərcümə edilib.
   Filologiya elmləri namizədi Qulbaxor Aşurova “Əmir Teymur” romanının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti haqqında ətraflı söhbət açıb. Jurnalist Rüstəm Cabbarov “Əmir Teymur və Azərbaycan” mövzusunda çıxış edib.
   Tarix elmləri namizədi Qəhrəman Rəcəbov, filologiya elmləri namizədi Sultanmurad Olim, şərqşünas alim Qulam Kərimli, özbək dilində nəşr edilən “Caxon adabiyyatı” jurnalının baş redaktoru Şuxrat Rzayev və başqaları Əmir Teymuru dövlət başçısı, sərkərdə və şəxsiyyət kimi təhlil edib, Azərbaycanla Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü inkişaf səviyyəsindən danışıblar.
   Yunus Oğuz əsərin yazılması, 33 illik hakimiyyəti dövründə bir yürüşü belə uduzmayan Əmir Teymurun qəhrəmanlığı haqqında söhbət açıb. Bildirib ki, türkdilli xalqlar belə tarixi şəxsiyyətlərini dünyaya geniş tanıtmalıdır. O, əsərin Özbəkistanda nəşrində əməyi olanlara təşəkkür edib.
   İştirakçılara “Əmir Teymur” romanı və Azərbaycanla bağlı kitablar hədiyyə edilib.