UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasının qonaqları arasında təşkilatın keçmiş baş direktoru Koişiro Matsuura da var. Quruma rəhbərliyi dövründə dəfələrlə ölkəmizə gələn qonaqla görüşüb budəfəki səfər təəssüratlarını, tədbir haqqında fikirlərini öyrəndik.
Növbəti dəfə ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Koişiro Matsuura Azərbaycana ilk dəfə Heydər Əliyevin prezidentliyi dövründə gəldiyini bildirdi: “Mən ilk dəfə ölkənizdə 2000-ci ildə olmuşam. O vaxt Prezident Heydər Əliyev məni dəvət etmişdi. Bizim sıx dostluq əlaqələrimiz var idi. Ondan sonra da bir neçə dəfə Bakıya səfərlərim olub. Çox sevindiricidir ki, ölkəniz uğurla inkişaf edir və UNESCO kimi mötəbər bir təşkilatın sessiyası Azərbaycanda keçirilir. Belə bir tədbirə ev sahibliyi etməsi ötən illər ərzində ölkənizin artan nüfuzundan xəbər verir”.
Koişiro Matsuura Bakıda Novruz şənliklərində iştirak etdiyini, bu bayramın UNESCO-nun siyahısına daxil edildiyini xoş hisslərlə xatırladı: “2009-cu ilin martında cənab İlham Əliyevin dəvəti ilə Bakıya səfərim zamanı paytaxtınızda təşkil olunan Novruz tədbirlərinə qatıldıq, insanların bayram adətlərinin, Novruz tonqalının şahidi olduq. Çox şadam ki, bu möhtəşəm bayram UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına mənim rəhbərliyim dövründə daxil edildi”.
Çövkən - Qarabağ atüstü oyununun UNESCO Hökumətlərarası Komitəsinin Bakı sessiyasında təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasını da sevinclə qarşıladığını deyən qonaq sessiyanın gündəliyinin zəngin olduğunu bildirdi: “Bakı sessiyasının gündəliyinə də nəzər saldım. Həm təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs, həm də reprezentativ siyahıya daxil edilmək üçün xeyli sayda müraciət var. Birinci siyahıya Azərbaycanın təklif etdiyi nominasiyanın, eləcə də digər üç ölkənin müraciətinin qəbul edilməsi sessiyanın səmərəli fəaliyyətinə dəlalət edir. Bundan əlavə, 10 ili tamam olan UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”sının müddəalarına əlavə və dəyişikliklərin edilməsi də ölkəniz baxımından tarixi hadisədir. Çünki bu əlavələr sənəddə “Bakı düzəlişləri” kimi qalacaq”.

Sadiq