UNESCO Hökumətlərarası Komitəsinin sessiyasında iştirak edən yüksək vəzifəli qonaqlar arasında “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın katibi xanım Sesil Düvel də var. Onun təəssüratlarını, müzakirələrin gedişi, qəbul edilən qərarlar barədə fikirlərini öyrəndik.
Təşkilati məsələlərin yüksək səviyyədə həll olunduğunu deyən xanım Düvel ölkəmizin sürətlə inkişaf etdiyini, müasirləşdiyini, bununla yanaşı, tarixə və qeyri-maddi mədəni irsə də yüksək dəyər verildiyini vurğuladı: “Azərbaycan böyük sürətlə inkişaf edir, müasirləşir, yeni göydələnlər ucaldılır. Eyni zamanda ölkəniz tarixə, qeyri-maddi mədəni irsə də diqqətini əsirgəmir. Tədbirin Bakıda yüksək səviyyədə təşkil olunması da buna sübutdur. Azərbaycan UNESCO-nun fəaliyyətində yaxından iştirak edir və bildiyiniz kimi 2010-cu ildən Hökumətlərarası Komitəyə üzv seçilən 24 ölkədən biridir. Bu əməkdaşlığa xüsusi töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyri-maddi mədəni irsə də həssas münasibət göstərir. Bütün bunlar onu göstərir ki, sizin insanınız nə qədər müasirliyə meyllidirsə, bir o qədər də tarixə, ənənəyə, mədəni irsə bağlıdır”.
Təqdim olunan nominasiyaların gərgin müzakirə şəraitində keçdiyini deyən S.Düvel bəzi dövlətlərin müraciətlərinə mənfi cavab verilməsinə də aydınlıq gətirdi: “Həm təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs, həm də Reprezentativ Siyahıya daxil edilməsi üçün xeyli sayda nominasiya irəli sürülmüşdü. Ancaq bəzi dövlətlər məlumatsızlıq səbəbi ilə müraciətlərini tam əsaslandıra bilmədilər, bəziləri isə təlimata tam əməl etmədən müraciət etmişdi. Elə nümunələr də var idi ki, onlar qeyri-maddi mədəni irs olsa da, təcili qorunmaya ehtiyac duyulmurdu, Reprezentativ Siyahının meyarlarına uyğun gəlirdi”.
Konvensiyanın katibi nümayəndə heyətlərinə müəyyən tövsiyələrini də diqqətə çatdırdı. Bildirdi ki, müraciətlər hazırlanarkən lazımi əsaslandırmalar olmalıdır. Çünki komitədəkilərin çoxu söhbətin hansı qeyri-maddi mədəni irsdən getdiyini, onun nə dərəcədə qorunmaya ehtiyacı olduğunu bilmirlər: “Bunları aydınlaşdırmaq dövlətin nümayəndəsinin üzərinə düşür. Yəqin iclaslarda da müşahidə etdiniz ki, Braziliya və Çin yetərsiz əsaslandırmaya görə öz etirazlarını bildirdilər. Bu cür məsələlərə diqqətlə yanaşılması vacibdir”.
Komitədən keçən digər nominasiyalarla bağlı fikrini bildirən xanım S.Düvel qəbul olunan və ya olunmayan fayllara hər hansı fərq qoymadığını da bildirdi: “Hesab edirəm ki, UNESCO-ya təqdim edilən hər bir fayl özlüyündə dəyərlidir, çünki həmin adəti, oyunu və ya hər hansı digər qeyri-maddi mədəni irsi daşıyan xalq və ya icma onu özünün milli və etnik kimliyini müəyyənləşdirən amil hesab edir. Məsələyə bu yöndən yanaşdıqda demək olmaz ki, qəbul edilən nominasiyalar daha üstündür, sadəcə, yaxşı əsaslandırılmışdılar. Bundan əlavə, nominasiyalarda oxşarlıqların və fərqliliklərin olması bizim böyük bir ailə olduğumuzu göstərdi”.
Sadiq