Dekabrın 9-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev və mədəniyyət. Dünən, bu gün, sabah” adlı konfrans keçirilib.
Tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev açaraq ulu öndər Heydər Əliyevin 90 illiyinin ölkəmizin hər yerində olduğu kimi, paytaxtın mədəniyyət müəssisələrində də geniş şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2013-cü ilin tədbirlər planına uyğun olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və tabeliyində olan mədəniyyət müəssisələrində ümummilli liderə həsr edilmiş 244 tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Zahid Qaralov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, YAP Gənclər Təşkilatının sədri Seymur Orucov çıxış edərək ulu öndərin Azərbaycanın tarixində müstəsna xidmətlərindən, ölkə həyatının bütün sahələrinin, o cümlədən mədəniyyətin inkişafı istiqamətində gördüyü işlərdən söz açıblar. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti, inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfrans zamanı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən keçirilmiş tədbirlər haqqında məlumatların dərc edildiyi jurnal iştirakçılara təqdim edilib. Sonda ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib.