Yeni ilin gəlişini hər kəsdən daha çox və səbirsizliklə gözləyən balacalar qış tətilinə maksimum rəng qatmağa çalışır, valideynlərinin də istirahətdə olmalarından istifadə edib onları şənliklərə, tamaşa və konsertlərə aparmalarını istəyirlər. Görəsən, teatr-konsert müəssisələri onların qış tətilini səmərəli keçirmək üçün nə tədarük ediblər?

Qış nağılı qədər...

Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bayrama xüsusi hazırlaşdıqlarını və bununla bağlı iki proqram təqdim edəcəklərini dedi. Dekabrın 27-də başlanan birinci konsert proqramına milli rəqslər, musiqilər, illüziya şousu və s. daxildir. Şaxta baba və Qar qızın aparıcılığı ilə bu konsert proqramları dörd gün (30 dekabradək) davam edəcək. Yanvarın 3-5-də gerçəkləşəcək ikinci konsertdə isə Ukraynadan gələn teatr heyəti çıxış edəcək. Azərbaycanın mədəniyyət ocaqlarında ən böyük yolka da bayram günlərində Heydər Əliyev Sarayında qurulub.

“Sehrli qış - 2”

Uşaqların sevimli məkanlarından olan Bakı Dövlət Sirki də rəngarəng proqram tərtib edib. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov dekabrın 27-dən etibarən təqdim olunan “Sehrli qış-2” adlı Yeni il proqramının tamaşaçılara bayram ab-havası yaşadacağını deyir. Məktəblilərin qış tətili fasiləsiz olaraq hər gün (gündə 2-3 seans) tamaşalar olacaq. Proqrama Rusiya, Ukrayna və İspaniyadan dəvət olunmuş sirk ustalarının çıxışları, əhliləşdirilmiş heyvanlarla çox maraqlı nömrələr daxildir.

“Maşa və Ayı”

Gürcüstanın “Multi-Pulti dünyası” teatrının gətirdiyi “Maşa və Ayının Şərqdə Yeni il sərgüzəştləri” adlanan proqram da bayram günlərində uşaqlara yüksək səviyyəli tamaşa vəd edir. Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl personajlarını dekabrın 27-dən 30-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 2-6 yanvar tarixində isə Opera və Balet Teatrında görə biləcəklər.
“Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluş verdiyi tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək.
Yeri gəlmişkən, Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də uşaqların bayram istirahətini mənalı etmək üçün bu dəfə onlara “Maşa və Ayı” rus nağılının motivləri əsasında hazırlanan tamaşa təqdim edəcək. Əməkdar artist Azad Məmmədovun sözlərinə görə, tamaşanın üzərində qızğın iş gedir

“Şelkunçik”, Şaxta baba və Qar qız

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın verdiyi məlumata görə, sənət ocağı ənənəsinə uyğun olaraq Yeni il münasibətilə rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baletini təqdim edir. Şaxta baba və Qar qız personajlarının da əlavə olunduğu tamaşa dekabrın 24-də göstərilib, daha bir tamaşa yanvarın 12-də nümayiş etdiriləcək.

“Biri var idi, biri yox idi...”

Akademik Milli Dram Teatrı bu il balaca tamaşaçıların görüşünə “Biri var idi, biri yox idi” tamaşası ilə gələcək. Xalq nağıllarının motivləri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
“Biri var idi, biri yox idi” tamaşası dekabrın 27-dən göstərilir və yanvarın 4-nə kimi nümayiş olunacaq.

Hədiyyəli tamaşa

Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nicat Kazımovun quruluşunda “Küpəgirənin hiyləsi” adlı tamaşa səhnələşdirilib. Rejissorun sözlərinə görə, səhnə əsəri maraqlı süjet xətti, rəngarəng səhnə geyimləri və tərtibatı ilə azyaşlı tamaşaçılara Yeni il hədiyyəsi olacaq.
Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquluyeva isə bu il teatrın sürprizlərlə zəngin əyləncəli bayram proqramı hazırladığını dedi: “Küpəgirənin hiyləsi” adlı yeni tamaşa dekabrın 26-dan yanvarın 5-dək davam edəcək. Ənənəvi olaraq şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb teatrın bayram üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramına dəvət edəcəklər”.

Sumqayıt teatrında “Qış nağılı”

Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən il olduğu kimi, bu il də uşaqlar üçün “Qış nağılı” adlı səhnəcik hazırlayıb. Teatrın direktoru Mehman Şükürovun sözlərinə görə, tamaşa dekabrın sonundan yanvarın əvvəllərinə qədər teatrın repertuarında yer alacaq: “Bayram şənliyində ənənəvi olaraq Şaxta baba, Qar qız iştirak edəcək. İnanıram ki, sumqayıtlılar teatrımızda gözəl əylənə biləcəklər”.

“Cırtdanın Yeni il sərgüzəştləri”

Uşaqların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da builki proqramı ilə sadiq tamaşaçılarını heyrətləndirməyə çalışacaq. Balacalar bayram tətili günlərində “Cırtdanın Yeni il sərgüzəştləri” adlı maraqlı bir səhnə əsərinə tamaşa edəcəklər. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Qurban Məsimovdur. Balacalar Yeni ilin gəlişini əngəlləməyə çalışan Divə qarşı ağıllı Cırtdanın növbəti sərgüzəştləri ilə tanış olacaqlar.

Uşaqları sevindirmək üçün

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan tamaşa göstərmək üçün yerləri olmadığı üçün ənənəyə uyğun olaraq hazırladıqları nümunələri müəyyən mədəniyyət ocaqlarında nümayiş etdirəcəklərini qeyd etdi: “Şüvəlanda, Qaradağda və digər yerlərdə hazırladığımız Yeni il şənlikləri ilə tamaşaçılarımızı sevindirəcəyik. Onu da deyim ki, biz hədiyyəsiz tamaşalara üstünlük verəcəyik. Çünki biletin əksər hissəsini hədiyyənin dəyəri tutur. Teatrın uşaqlara hədiyyəsi gözəl tamaşa olacaq. Repertuarımızda olan “Dəcəl siçanlar” tamaşası yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub”.

Regionlardan teatr mənzərəsi

Paytaxtla yanaşı, regionlardakı teatrlar, mədəniyyət evləri də balacalara xoş ovqat bəxş etməyə çalışırlar. Lənkəran Dövlət Dram Teatrında bu münasibətlə yeni bir tamaşa hazırlanıb. Sənət ocağının direktoru İslam Həsənovdan aldığımız məlumata görə, kollektiv Abdulla Şaiqin “Danışan gəlincik” əsərini fərqli quruluşda təqdim edir.
Füzuli Dövlət Dram Teatrı isə Horadiz şəhərində və yeni salınmış qəsəbələrdə “Arzu təzə, il təzə” adlı teatrlaşdırılmış bayram şənliyini təqdim edir.

Həmidə Nizamiqızı