Dekabrın 29-da Respublika Uşaq Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, publisist, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş “İlk folklor antologiyasının banisi” mövzusunda elmi konfrans keçirildi.

Tədbirdə Firidun bəy Köçərlinin Respublika Uşaq Kitabxanasının sifarişi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş “Balalara hədiyyə” kitabının təqdimatı oldu.
Konfransı kitabxananın direktoru Şəhla Qəmbərova açaraq Prezident İlham Əliyevin “Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında” 14 fevral 2013-cü il tarixli sərəncamı ilə əlaqədar il ərzində kitabxanada keçirilən tədbirlərdən, görülən işlərdən danışdı.
Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli görkəmli ədəbiyyatşünas və maarifçinin yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu, həmçinin TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada konfrans keçirildiyini diqqətə çatdırdı. Firidun bəy Köçərlinin təkrar çapdan çıxmış “Balalara hədiyyə” kitabı haqqında fikirlərini bölüşən şöbə müdiri nəşrin əhəmiyyətini qeyd etdi.
Xalq rəssamı Arif Hüseynov, tanınmış şair İlyas Tapdıq, uşaq ədəbiyyatı yazıçılarından Zahid Xəlil, Qəşəm İsabəyli, “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə kitabın məziyyətlərindən danışdılar, bu gün də aktual olduğunu vurğuladılar.
Konfransda ədəbiyyatşünasın adını daşıyan kitabxananın girişində “Balalara hədiyyə” kitabının barelyefinin və vaxtilə fəaliyyət göstərmiş Qazax Müəllimlər Seminariyasının yerləşdiyi binanın girişində Firidun bəy Köçərli haqqında məlumat lövhəsinin vurulması barədə müraciət qəbul olundu.
Tədbirdə Firidun bəy Köçərliyə həsr olunmuş sənədli film, “Vətən, millət fədaisi” adlı kitab və əl işləri sərgisini əks etdirən videoçarx da təqdim olundu.
Sonda Binəqədi və Səbail rayonları 144 və 189 saylı orta məktəblərinin şagirdləri “Balalara hədiyyə” kitabında yer alan nağıllar, yanıltmaclar, sayaçı sözləri, müxtəlif uşaq oyunlarından ibarət səhnəciklər təqdim etdilər.

Fariz Hüseynov