Fevralın 21-də Milli İstiqlal Muzeyində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş “Milli istiqlal və Turan aşiqi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı ölkə Prezidentinin 2014-cü il 21 yanvar tarixli sərəncam imzaladığını diqqətə çatdırdı, həyat yolundan, çoxşaxəli fəaliyyətindən danışdı. Bildirdi ki, görkəmli fikir adamının bütün fəaliyyəti türk xalqlarının maariflənməsi və istiqlalına həsr olunub.
Tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəyin ideyalarından söz açdı, onu xalqımızın maariflənməsi, istiqlalı yolunda böyük fədai adlandırdı. Qeyd olundu ki, Əli bəy Hüseynzadə böyük mütəfəkkir kimi türkçülük və turançılığın əsasını qoyub. O, xalqının milli məfkurəsini yaratmış demokrat idi.
Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə onun xatirəsinə göstərilən diqqət və qayğıya, 150 illik yubileyinin keçirilməsinə görə təşəkkürünü bildirdi. Sovet dövründə ailələrinin və yaxınlarının keçirdiyi əzablı günləri və sürgün həyatını ürək ağrısı ilə dilə gətirdi. Bildirdi ki, Əli bəy Hüseynzadə ömrünü Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə həsr edib.
Görkəmli ədib və mütəfəkkirin irsinin ilk tədqiqatçısı Ofeliya Bayramlının oğlu, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Etibar Yolçuyev, Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti, xidmətləri haqqında danışdılar. Qeyd olundu ki, Əli bəy Hüseynzadə bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, bu yolda parlaq istedadının bütün gücü ilə mübarizə aparıb. Qəzet səhifələrində öz əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, doğma xalqının dünyagörüşünü dövrün çağdaş, qabaqcıl ideyaları ilə zənginləşdirməyə çalışıb.
Türkçülük ideologiyasının formalaşmasında, müstəqil dövlətçiliyimizin, üçrəngli bayrağımızın nəzəri əsaslarının işlənib hazırlanmasında Əli bəy Hüseynzadənin böyük fəaliyyəti var. O, zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi, dövlətçiliyi tarixinə qiymətli töhfələr verən dahilərdən biridir.
Əli bəy Hüseynzadə həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri Azərbaycan rəssamlığı tarixinə böyük töhfədir.
Tədbirin sonunda Əli bəy Hüseynzadənin həyat yoluna həsr edilən videoçarx və şəxsi arxivlərdən təqdim olunmuş 30-dan artıq fotoşəkil, müxtəlif kitablar və sənədlər nümayiş olundu.
Fariz Hüseynov