Azərbaycan Turizm İnstitutunda tariximizin ən faciəli səhifələrindən biri olan dəhşətli soyqırımının ildönümü ilə bağlı «Xocalı - əsir şəhər» mövzusunda tədbir keçirilib. İştirakçılar əvvəlcə Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi ilə tanış olublar.
Tədbirdə ATİ-nin tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Xaləddin İbrahimli «Erməni milli ideologiyası və iddiaları» mövzusunda məruzə-təqdimatla çıxış edib. Faciənin şahidi Asif Yusifov o müdhiş gecədə yaşananları ürək ağrısı ilə yenidən xatırlayıb. İnstitutun tələbələrinin hazırladıqları səhnəciklər, ingilis, rus, alman, fransız, ispan dillərində edilən çıxışlar da maraqla qarşılanıb. Tədbirin sonunda ATİ-nin rektoru, professor Cəfər Cəfərov Xocalı faciəsinin bəşəriyyətə, insanlığa böyük ləkə olduğunu dedi. Bu günün özündə də dünyanın bir sıra ölkələrində qan töküldüyünü diqqətə çatdırdı: «Bu gün tələbələrin Xocalının anım günü ilə bağlı bu çıxışları, təsirli təqdimatları belə deməyə əsas verir ki, bu faciə unudulmayacaq. Vətən uğrunda şəhid olanları unutmağa, unutdurmağa haqqımız yoxdur».

Fəxriyyə