Tədbir iştirakçıları bu sahələrdə son yeniliklərlə tanış olmaq imkanı əldə ediblər
Martın 11-12-də İtaliyanın Turin şəhərində “İncəsənət və Muzey” beynəlxalq sərgi mübadiləsi festivalı (AMİEX) keçirilib.
İlk dəfə gerçəkləşən festivalda Azərbaycan da təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva iştirak ediblər.
Tədbir incəsənət, mədəniyyət, humanitar və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirmək, mədəni mərasimlərin, sərgilərin, festivalların təşkili istiqamətində müzakirələr aparmaq baxımından yaxşı imkan yaradıb. İştirakçılar müvafiq sektorlarda cərəyan edən son yeniliklərlə tanış olmaq üçün fürsət əldə edib, şəhərin "Palazzo Madama" muzeyinin direktoru Enrika Pagella, Müasir İncəsənət Muzeyinin (Galeria Civica de Arte Moderna e Contemporanea) direktor müavini Rikardo Passoni, Şərq Sənəti Muzeyinin (Museo de art oriental) direktoru Françesko Paolo Kampione ilə görüşlər keçirib, əməkdaşlıq barədə danışıqlar aparıblar.
Konfrans günlərində Azərbaycanın nümayəndə heyəti Turin şəhərinin meri Pyero Fassino ilə görüş keçirib. Görüşdə mədəniyyət sahəsi, muzey məsələləri üzrə fikir mübadiləsi aparılıb. Mer Azərbaycanın və Turin şəhərinin muzeyləri arasında işgüzar mübadilənin və tərəfdaşlığın marağında olduğunu bildirib. O, 20 il əvvəl Bakıda səfərdə olduğunu və ümummilli lider Heydər Əliyevlə görüşdüyünü məmnunluqla xatırlayıb.