“MDB-nin mədəniyyət paytaxtı” missiyasını başa vuran şəhər "Azərbaycanın əfsanələr paytaxtı" kimi yeni tədbirlərə ev sahibliyi edəcək

Xəbər verdiyimiz kimi, MDB Humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına əsasən, Azərbaycanın Qəbələ şəhəri 2013-cü ildə “MDB-nin mədəniyyət paytaxtı" elan edilmişdi.

Martın 15-16-da “Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” ilinin yekun tədbirləri keçirilib. Tədbirlərdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak ediblər. İştirakçılar əvvəlcə Qəbələnin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bu günün rayonun həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, "MDB-nin mədəniyyət paytaxtı" ili çərçivəsində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilib. Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu tədbirlər nəinki MDB, hətta dünya mədəni irsinə böyük töhfədir. İcra hakimiyyətinin başçısı "MDB-nin mədəniyyət paytaxtı" estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçdiyini bildirib. O, Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluna, Fondun icraçı direktoru Anatoli İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə yetirməsindən qürur duyduğunu deyib: “Qəbələdə yaradılan müasir infrastruktur rayonda beynəlxalq əhəmiyyətli tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qədim tarixə və gözəl təbiətə malik Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı” kimi mühüm nailiyyətə imza atdığını bildirib. Qeyd edib ki, bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Nazir müavini onu da diqqətə çatdırıb ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı üzrə Qəbələ 2014-cü ildə "Azərbaycanın əfsanələr paytaxtı" elan olunub.
Rəsmi hissədən sonra maraqlı konsert proqramı təqdim edilib. "XXI əsrin tenorları" art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları tədbirə xüsusi rəng qatıb. Sonda “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" bədii filmi nümayişi olunub.
Beləliklə, Azərbaycanın dilbər guşələrindən olan Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” adını layiqincə daşıyıb, qarşıda isə bölgəni “Əfsanələr paytaxtı” kimi müxtəlif tədbirlərə ev sahibliyi gözləyir.