XIX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələri arasında şair, pedaqoq Mirzə İsmayıl Qasirin xüsusi yeri var. Dövrün açıqfikirli ziyalılarından sayılan Qasir klassik və xalq şeiri üslubunda bir-birindən maraqlı əsərlər qələmə alıb. O həm də Lənkəranda ədəbi məclisin təşkilatçısı kimi tanınıb.

Mirzə İsmayıl Səlim oğlu Axundov 1805-ci ildə indiki Ağdaş rayonunun Ləki kəndində ruhani-ziyalı ailədə dünyaya göz açıb. İbtidai təhsilini molla məktəbində alır. Sonra Ləki mədrəsəsində təhsilini davam etdirir. 12-13 yaşlarında Cənubi Azərbaycanın Əhər qəsəbəsində yaşayan bacısının yanına gedir. Oradan Təbrizə səfər edir, şəhərdəki elm ocaqlarında ərəb və fars dillərini öyrənir, ədəbiyyat və fəlsəfəni mənimsəyir. Ədəbi fəaliyyətə başlaması da bu dövrə təsadüf edir. Eyni zamanda rus dili və ədəbiyyatını da öyrənməyə böyük səy göstərir. 1840-cı ildə Qaradonlu (indiki İmişli rayonu) sərhəd-gömrük idarəsində tərcüməçi vəzifəsinə işə düzəlir.
1850-ci illərdə dövrün qabaqcıl maarifpərvər ziyalılarından Mirzə Sadıq bəy Mehmandarov (Lənkəran qəzasının məhkəmə katibi) Şuşadan Lənkərana gedərkən Qaradonlu gömrükxanasında Qasirlə görüşür, onu Lənkərana dəvət edir. Qasir dəvəti qəbul edir və Sadıq bəyin mülkündə yeni açılan “Üsuli-cədid” məktəbində müəllimliyə başlayır. Ömrünü xalqın maariflənməsinə sərf edir, ədəbi fəaliyyətini də davam etdirir. Bir müddət sonra Lənkəranda “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlı ədəbi məclis açır.
Ədəbi məclisdə dövrün bir çox istedadlı qələm sahibləri iştirak edirdi. Onlardan Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqalarının adını çəkmək olar. Məclisdə Mirzə İsmayıl Qasirin başçılığı ilə əsasən klassik ədəbi nümunələr mütaliə olunur, görkəmli sənətkarlara nəzirələr yazılır və ədəbi-fəlsəfi mübahisələr aparılırdı.
Araşdırmalardan məlum olur ki, Qasir Azərbaycan, fars, cığatay və talış dillərində maraqlı əsərlər yazıb. Müasirlərindən Seyid Əzim Şirvani, Məhəmmədəli Məcruhi Muğani, Məhəmməd Tağı Sidqi, Əbdülxalıq Cənnəti və digər şairlərlə yazışıb, dostluq münasibətləri qurub. S.Ə.Şirvani onun şeirlərini “Gülüstanda xoş ətirli gülə”, “Cənnət bağında xoş avazlı bülbülə” bənzədib, ona öz hörmət və ehtiramını aşağıdakı misralarda belə ifadə edib:

Sən mənim köhnə rəfiqimsən əya, İsmail,
Seyyidin canı gərəkdir sənə qurban, Qasir.


Görkəmli ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli də Qasirlə görüşüb və yazacağı əsərində onun haqqında məlumat vermək məqsədilə şeirlərindən nümunələr götürüb.
Tanınmış tədqiqatçı Salman Mümtaz 1927-ci ildə çap etdirdiyi “El şairləri” kitabında şairin yeddi şeirini verib. Daha sonralar onun bioqrafiyası və yaradıcılığından bəhs edən bir sıra məqalələr dərc etdirib.
Mirzə İsmayıl Qasir həyata nikbin əhval-ruhiyyə, açıqgözlə baxdığı kimi, şagirdlərini də bu ruhda tərbiyə edib, onları hər cür dini uydurmalardan və xurafatdan uzaqlaşmağa çağırıb. Şeirlərində dövrünün ictimai hadisələrini ustalıqla qələmə alıb. Müəllifin “Məhəmmədəli bəy Məcruhi Muğaniyə”, “Hüseyn Yüzbaşıya” adlı şeirlərindən və “Balaxanım” rədifli qoşmasından məlum olur ki, o, şifahi xalq poeziyasına dərindən bələd olub. Qələmə aldığı qəzəllərində isə Məhəmməd Füzuli, Hafiz Şirazi, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim Şirvaninin ənənələrini davam etdirib, klassiklərin adlarını hörmətlə yad edib:

Əgər zəmanədə min mahrux dilbər ola,
O kimdi hüsndə, ey məh, sənə bərabər ola?
Tutubdu zülfi-siyahın tək aləmi zülmət,
Götür niqabi üzündən, cahan münəvvər ola.
Ölüncə söyləyəcəkdir camalının vəsfin,
Füzuli, Hafizi Şirazi, ya ki Qasir ola.


Qasirin bir çox qəzəllərində dövrdən və zəmanədən acı şikayət və giley-güzar da yer alıb:

Cahan mülkünü qismət eylədim zahidlə, ey yaran,
Ona məscid, mənə meyxanələr küncü rəsəd düşdü.
Piyalə gözlüdən əl çəkdi, Qasir, heyf, səd əfsus,
Nəyi pəylən dəyişdi gör, bu işdə nabələd düşdü.


Şair “Pul”, “Qara pul”, “Əsginaz”, “Ya Rəb, nə şurdur ki, tutubdur cahanı pul”, “Yaran, tutub afaqı hamı qəm bahalıqdan”, “Ərə verdi”, “Sən öləsən” kimi satirik şeirlərində cəmiyyətdə gedən proseslərə kəskin münasibətini bildirir. Qadın hüquqsuzluğuna qarşı etiraz səsini ucaldan müəllif “Ərə verdi” satirasında yazır:

Hacı filani öz qızını şövhərə verdi,
Yəni ki, bizim türki dilicə ərə verdi.
Yaxşı-yamanın eyləməyib heç təfəhhüs,
Əlhəqq o biçarəni simu-zarə verdi.


Özündən sonra zəngin bədii irs qoyan Mirzə İsmayıl Qasir 1900-cü ildə Lənkəranda vəfat edib, Sütəmürdov qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov