“Fəqir” təxəllüslü şairin acı həyatı

Hacıağa Fəqir Ordubadinin babası şair Mirzə Hatəm xeyli vaxt Səfəvi hökmdarı Şah Abbasın sarayında çalışıb. Elmi və insani keyfiyyətləri sayəsində yüksək məqamlara çatıb. Dünyasını dəyişdikdən sonra oğlu Məhəmməd Cənubi Azərbaycanın Dizmar mahalına köçür, Üştibin kəndində ailə qurur. Bir müddət bu kənddə yaşayır. Ancaq Həsənabad xanlarının Üştibin kəndinə tez-tez basqınları səbəbindən Ordubad şəhərinə köçür. Ədəbi yaradıcılıqla məşğul olur, “Fəqir” təxəllüsü ilə şeirlər yazır.

Hacıağa Məhəmməd oğlu Ordubadi 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik çağları atasının baqqal dükanında keçir. Atası ticarət məqsədilə tez-tez Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedir. Bəzən kömək üçün oğlu Hacıağanı da özü ilə aparır. Bu səfərlər zamanı gəzdiyi yerlər və şahidi olduğu hadisələr Hacıağanın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli araşdırmalarında qeyd edir ki, Hacıağa Ordubadi ilk təhsilini Şirazda alıb. Ərəb və fars dillərini mükəmməl öyrənib, klassik Şərq şairlərinin əsərlərini mütaliə edib. Sədi, Hafiz, Xəyyam, Nizami və Füzuli kimi sənətkarların şeirlərinə nəzirə və bənzətmələr yazıb. Sonralar atasının vaxtilə işlətdiyi “Fəqir” təxəllüsünü götürür.
Şairin qəzəllərində aşiqin vüsal yolunda min bir məşəqqətə düçar olması, buna baxmayaraq, saf məhəbbətindən dönməməsi yüksək poetik dillə tərənnüm olunur. O, “Eləmiş” rədifli qəzəlində aşiqin nisgilinin səbəbini tale yazısında axtarır:

Can verib yarə könül, görmədi bir ruyi-vüsal,
Qismətim qasimi-ğəm, yoxsa ki hicran eləmiş...

Fəqir Ordubadi “Əncüməni-şüəra” ədəbi məclisinə cəlb edildikdən sonra yaradıcılığında dönüş mərhələsi başlayır. Getdikcə realist ruhlu şeirlərə üstünlük verir. Tənqidi şeirlərinə görə şəriət adamlarının, varlı şəxslərin qəzəbinə tuş gəlir, ona qarşı hücumlar başlayır. Şair təqiblər və maddi sıxıntılar üzündən Vətəni tərk edərək bir müddət Türküstan və İranda yaşamaq məcburiyyətində qalır.
Həmin illərdə “Əncüməni-şüəra”nın üzvlərindən olan görkəmli maarifçi, şair Məhəmməd Tağı Sidqi də Ordubadı tərk edir. İki güclü ədibin yoxluğu nəticəsində ədəbi məclis zəifləyir. Bu məqamda Sidqi ilə görüşən Fəqir onun təkidi ilə yenidən Ordubada qayıdır. Məclisə başçılıq etməklə bərabər, maarifçilik fəaliyyətini də davam etdirir. Ordubadda yeni üsullu xüsusi məktəb açır. Burada dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunur. Çətin güzəranı olur, açdığı məktəbin cüzi gəliri hesabına dolanır. Amma ətrafdakı mövhumatçı qüvvələr onu rahat buraxmır. Şairin əleyhdarlarının hiyləsi ilə Culfanın Yaycı kəndindən Molla Kazım adlı bir şəxs Ordubada gələrək orada məktəb açır və dini elmləri tədris etməyə başlayır. Dindarların təkidi ilə valideynlər uşaqlarını Fəqirin məktəbindən çıxarıb Molla Kazımın dini məktəbinə aparırlar. Fəqir məktəbi bağlamalı olur. Güzəranının xeyli ağırlaşmasına bais olan Molla Kazım şairin satirik qələminə tuş gəlir:

Yaycıdan mədrəsəyə bir taza zurnaçı gəlib,
Yelləyibdir tuluğun, zurna çalan xaçı gəlib.
Bir müddət sonra şairin gözləri tutulur. Dünya işığına həsrət qalsa da, ədəbi məclisdə yaxından iştirak edir. Məhəmməd Tağı Sidqi, Hüseyn Nadim Naxçıvani və Molla Hüseyn Bikəs kimi şair dostları onun şeirlərini qələmə alırlar.
Yalançı din xadimləri yenə şairi rahat buraxmırlar, hər addımbaşı nüfuzdan salmağa çalışırlar. Onların məkrli planları nəticəsində şairin atası və əmisi həbs olunur. Bu haqsızlıq Fəqirə çox ağır gəlir. Səlahiyyətli şəxslərə şikayət etsə də, nəticəsi olmur. Sonda şair Kalbalı xan Naxçıvanskiyə mənzum məktubla müraciət edir və ondan kömək istəyir. Onun işə qarışması nəticəsində şairin atası və əmisi həbsdən azad olunur. Lakin aradan bir müddət keçdikdən sonra bu dəfə də Fəqirin qardaşı həbs edilir. Şair bir daha Kalbalı xana, sonra İsmayıl xan Naxçıvanskiyə mənzum xahişnamə və mədhiyyələrlə müraciət edir.
Şairin ömrünün axır illəri çox acınacaqlı keçir. Ehtiyac onu çox dözülməz hala salır, dolanışıq naminə zəngin adamlara mədhiyyələr yazmaq məcburiyyətində qoyur. Amma mədh elədiyi şəxslərdən yardım ala bilmir. Bir tərəfdən yoxsulluq, digər tərəfdən də yazdığı əsərlərə qədir-qiymət verilməməsi onu ruhdan salır. Ömrünün sonlarına yaxın lirik məzmunlu qəzəllər yazmaqdan uzaqlaşır, zəmanədən şikayət ruhlu şeirlər qələmə alır. Qəm-qüssə, ehtiyac içində ömrünü başa vurur. Hacıağa Fəqir Ordubadi 1886-cı ildə vəfat edir.

P.S. Bir neçə ildən sonra Hacıağa Fəqir Ordubadinin oğlu – görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi ədəbiyyat aləminə qədəm qoydu...

Savalan Fərəcov