Yanvarın 24-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair və ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Qasım Qasımzadənin (1923-1993) yaradıcılığına həsr edilmiş tədbir keçirilib.
AYB-in sədri, Xalq yazıçısı Anar fədakar alim, tanınmış şair, gözəl insan Qasım Qasımzadənin həyat və yaradıcılığından söhbət açıb.
Qurumun katibləri - Xalq şairi Fikrət Qoca, Arif Əmrahoğlu, AMEA-nın şöbə müdiri, filologiya üzrə elmlər doktoru Şirindil Alışanlı, fəlsəfə üzrə elmlər doktoru, yazıçı-dramaturq Firuz Mustafa və başqaları Qasım Qasımzadəni vicdanlı müəllim, istedadlı şair olmaqla yanaşı, həm də əsl ziyalı kimi xarakterizə ediblər. Çıxış edənlər şairin şeirlərinə bəstələnmiş mahnıların hələ sağlığında böyük dinləyici məhəbbətini qazandığını, bu nəğmələrin xalq mahnısı adlandırıldığını vurğulayıblar.
Sonda şairin oğlu Nəriman Qasımzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, atası ilə bağlı xatirələrini söyləyib. O, atasının arxivindən indiyədək nəşr olunmayan yeni bir poemanın tapıldığını və əsərin yaxın günlərdə nəşr ediləcəyini bildirib.