Mədəniyyət və turizm nazirinin Şəmkirdə vətəndaşlarla görüşündə bir sıra aktual məsələlər diqqətə çatdırıldı

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə qəbul günləri keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Şəmkir şəhərində keçirildi. Şəhərdəki "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində nazir Gəncə şəhəri, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından vətəndaşları qəbul etdi.

Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə ünvanladılar.
Müraciətlər əsas etibarilə yerlərdə müasir kitabxanaların yaradılması, tarixi abidələrin bərpası, sərhədyanı kəndlərdə yeni mədəniyyət ocaqlarının açılması, mədəniyyət müəssisələrində ştatların artırılması, turizmin inkişaf etdirilməsi, habelə mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təminat və digər sosial məsələlərlə bağlı idi.
Qəbula yazılmış vətəndaşların bir neçəsi ilə biz də həmsöhbət olduq, fikirlərini öyrəndik.
Şəmkir şəhərindən qəbula yazılmış Zərifə Niyazovanın xahişi Mərkəzi kitabxana üçün yeni binanın tikilməsi ilə bağlı idi: “Şəmkir rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir, müəyyən qədər şəraitimiz də var. Ancaq yaxşı olardı ki, Mərkəzi kitabxana üçün yeni və müasir tələblərə cavab verən bina tikilib istifadəyə verilsin. Ümid edirəm ki, müraciətimə müsbət yanaşılacaq”.
Gədəbəy rayonundan qəbula gəlmiş Novruz Məmmədovun müraciəti isə rayon ərazisində yerləşən Simens qardaşlarına aid tikililərlə bağlı idi: “Bildiyiniz kimi, Gədəbəy rayonu tarixi abidələrlə zəngin olan bölgələrimizdəndir. Onu da qeyd etmək istərdim ki, bu abidələrin əksəriyyəti nazirliyin xətti ilə təmir və bərpa olunub, onların mühafizəsi nazirliyin diqqətindədir. İstərdik ki, vaxtilə burada çalışmış Simens qardaşlarına aid olan tikililərlə bağlı da müəyyən qərarlar verilsin, onlar tarixi abidə kimi qeydiyyata alınsın və qorunsun. Çünki bu tikililərin turizm və mədəniyyət baxımından əhəmiyyəti böyükdür”.
Tovuz rayonunun sərhədyanı kəndlərindən qəbula yazılmış vətəndaşların xahişi bu yaşayış məntəqələrində mədəniyyət müəssisələrinin açılması barədə idi. Kifayət Sultanova məsələ ilə bağlı bizə bunları dedi: “Məlumdur ki, Tovuz rayonunun bir sıra kəndləri Ermənistanla sərhəddə yerləşir, düşmən tərəfdən kəndlərə atış açılır, daim gərginlik müşahidə olunur. Ancaq buna baxmayaraq, biz gündəlik həyatımızı öz qaydasında davam etdiririk. Çox istərdik ki, sərhəd kəndlərində mədəniyyət müəssisələri açılsın, uşaqlarımız asudə vaxtlarını müasir kitabxanalarda, klublarda keçirsinlər. Orada işləmək üçün kadrlarımız da kifayət qədərdir. Bu istiqamətdə cənab nazirdən bizə köməklik göstərməsini xahiş edəcəyəm”.
Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir Əbülfəs Qarayev vətəndaşların bölgələrdə mədəniyyət və turizmlə bağlı əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Qeyd etdi ki, bütün xahiş, təklif və təşəbbüslərlə bağlı müvafiq tədbirlər görüləcək: "Sevindirici haldır ki, bu gün vətəndaşlarımızın qaldırdığı məsələlər günün tələblərindən irəli gəlir. Bu isə onu göstərir ki, bölgələrimiz öz inkişaf dövrünü yaşayır, sakinlər mədəniyyət ocaqlarımızın müasir səviyyədə xidmət göstərməsini, informasiya texnologiyalarının geniş tətbiq olunmasını, yerlərdə turizmin daha da inkişaf etdirilməsini istəyirlər. Biz də nazirlik olaraq əsas diqqətimizi bu sahəyə yönəldirik ki, mövcud tələbləri qarşılayaq, əhaliyə yüksək səviyyəli mədəni xidmət göstərə bilək”.
Nazir görüşdə vətəndaşlar tərəfindən bəzi maraqlı təşəbbüslərin də səsləndirildiyini, onların həyata keçirilməsi üçün imkanların araşdırılacağını qeyd etdi: "Şəmkir şəhərində beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı maraqlı təşəbbüs irəli sürüldü. Burada tolerantlıq mövzusunda, alman abidələri ilə bağlı tədbirin keçirilməsi təklif edildi. Ümumiyyətlə, Şəmkir şəhəri, ətraf bölgələr artıq turizm baxımından inkişaf edir. Sadə vətəndaşlardan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təkliflər də bizi sevindirir”.
Nazir sosial məsələlərlə bağlı xahiş və müraciətlərə də baxılacağını, imkan daxilində köməklik göstəriləcəyini bildirdi.
* * *
Qəbuldan sonra nazir Əbülfəs Qarayevin, nazirliyin Aparat rəhbəri Firudin Qurbanovun və nazirliyin məsul şəxslərinin, Gəncə şəhəri, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirildi.
Müşavirədə çıxış edən Əbülfəs Qarayev xüsusilə yay mövsümündə mədəniyyət və turizm müəssisələrinin üzərinə düşən vəzifələr, vətəndaşların aktiv mədəni istirahətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi, müsbət məqamlarla yanaşı, bir sıra nöqsanları da diqqətə çatdırdı. Qeyd etdi ki, Şəmkir şəhəri və ətraf rayonların turizm potensialını təbliğ etmək, yerli və xarici turistləri bölgəyə cəlb etmək üçün mədəni-kütləvi tədbirlər təşkil olunmalıdır, yeni çəkilən filmlərimiz yerli sakinlərə nümayiş etdirilməlidir, bölgənin mədəni həyatı daha da canlandırılmalıdır. Bu sahədə Gəncə şəhərində görülən işlər digər bölgələr üçün nümunə göstərildi.
Daha sonra mədəniyyət və turizm idarə və şöbələrinin müdirləri görülən işlərlə bağlı qısa məlumat verdilər, öz təkliflərini səsləndirdilər.

Sadiq Musa