Respublika elmi-praktik konfransı
İyunun 4-5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Tədbirin açılışında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, informasiya cəmiyyəti müasir qloballaşma dövrünün ən vacib göstəricilərindən biridir. İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə dünyanın istənilən ölkəsində baş verən mədəni prosesləri izləmək mümkündür. Akademik vurğulayıb ki, konfrans ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda mühüm addım kimi dəyərləndirilə bilər.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə konfransda müzakirə olunacaq mövzuların xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, konfransa təqdim olunan məruzələr Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində, bütövlükdə informasiya cəmiyyətində mövcud durum və problemləri, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalarının cəmiyyətə təsiri və s. məsələləri əhatə edir.
Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu - problemə sosioloji baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, bu gün informasiya cəmiyyəti milli teatrımızın dünya teatr prosesinə inteqrasiyası üçün də geniş imkanlar açır. Azərbaycan artıq informasiya cəmiyyətinin atributları olan geniş informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna malikdir.
Konfransda “İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri”, “Azərbaycanda teleradio yayımına dair dövlət siyasəti”, “İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür”, “Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyllər”, “Geyim vizual informasiya sistemi kimi” və digər mövzularda məruzələr dinlənilib.