İyunun 30-da mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan İtaliya Senatının təhsil və mədəni irs komissiyasının sədri Andrea Markuççinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə İtaliyanın ölkəmizdəki səfiri Giampaolo Cutillo da iştirak edib.

Qonaqları salamlayan Vaqif Əliyev, ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərlə yanaşı, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər keçirilib. Roma şəhərində yerləşən Villa Borqezze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Heydər Əliyev Fondu Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın bərpasına dəstək göstərib.
Görüşdə Azərbaycanla İtaliya arasında turizm əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Mütəmadi birbaşa uçuşların sayının artırılması qarşılıqlı turist ziyarətlərinin sayına müsbət təsir edir. Bu sahədə inkişaf perspektivlərinin genişləndirilməsi məqsədilə ötən il noyabrın 18-də Roma şəhərində İtaliya-Azərbaycan I turizm forumu keçirilib.
Ölkələrimiz arasında mədəni irsin, tarix və mədəniyyət abidələrinin mühafizəsi və idarə edilməsi sahəsində də təcrübə mübadiləsi genişlənməkdədir. Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli Komitəsinin yaradılmasına İtaliyanın müvafiq təşkilatı dəstək verib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Azərbaycanın bu il oktyabrın 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində keçiriləcək "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda "fəxri qonaq ölkə" qismində iştirak edəcəyini məmnunluqla bildirərək, bu tədbirin ölkəmizin zəngin irsinin tanıdılması baxımdan əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizə səfərindən razı qaldığını bildirən A.Markuççi ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsinin böyük hadisə olduğunu və tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib. Qonaq xalqlarımız arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün münbit şəraitin mövcudluğunu, bunun diplomatiyanın ən güclü vasitəsi olduğunu ifadə edib.
A.Markuççi İtaliyanın irs, mədəni fəaliyyət və turizm naziri Dario Françeskinin salamlarını Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə çatdırmağı xahiş edib.