Paytaxtın Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli tarixçi, ədib, alim Abbasqulu ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin nümayəndələri, alimlər, rayon ziyalıları iştirak ediblər.
İştirakçılar əvvəlcə Suraxanı rayonunun Əmircan kəndində anadan olmuş Abbasqulu ağa Bakıxanovun adını daşıyan parka gələrək ədibin büstünü ziyarət ediblər. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məlumat verib ki, “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına uyğun olaraq ədibin adını daşıyan parkda geniş abadlıq işləri həyata keçirilib, Bakıxanovun büstü qoyulub.
Parkda incəsənət ustalarının ifasında Abbasqulu ağa Bakıxanovun sözlərinə yazılmış musiqi nömrələri səsləndirilib.
Sonra tədbir Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində davam edib. İştirakçılar Bakıxanovun və onun haqqında yazılmış əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
Mərkəzin elektron lektoriyasında keçirilən konfransda İlqar Abbasov böyük maarifçi, alim və şairin həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin irs yaradan Bakıxanov 1841-ci ildə yazdığı “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər çıxış edənlər Bakıxanovun çoxsahəli fəaliyyəti haqqında danışıblar.
Bakıxanov nəslinin nümayəndəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Tofiq Bakıxanov mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.