Bakıda Avropa Şurasının dəstəyi ilə beynəlxalq konfrans keçirildi

İyulun 4-5-də paytaxtdakı “Four Seasons” hotelində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” keçirildi.

Avropa Şurası II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunan konfrans “Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması” devizi ilə keçirildi.
Tədbirdən əvvəl jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mövzunun aktuallığına diqqət çəkdi. Qeyd etdi ki, rəqəmsal daşıyıcılar, internet və müasir texnologiyalar mədəniyyətlə bağlı informasiyanın yayılmasında mühüm rol oynayır. Bildirildi ki, 2013-cü ildə Moskvada keçirilən Avropa ölkələri mədəniyyət nazirlərinin toplantısında bu məsələ müzakirə edilmişdi və belə bir konfransın Bakıda keçirilməsi bizim üçün çox önəmlidir. Çünki bu gün respublikamızda mədəniyyət sahəsində müasir texnologiya və internetin səmərəsindən hələ yetərincə istifadə edilmir və bu baxımdan konfrans müəyyən təcrübə mübadiləsinə də imkan verəcək.
Konfransı açıq elan edən nazir Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi üzərinə götürdükdən sonra qurumla birgə silsilə tədbirlər keçirilir. Nazir qarşıdakı aylarda görüləcək işlər haqqında da məlumat verərək qeyd etdi ki, bu müddətdə Azərbaycanda gedən proseslər daha geniş auditoriyaya çatdırılacaq və daha səmərəli əməkdaşlığa zəmin yaranacaq.
Azərbaycanın Avropa Şurasının mədəniyyət sahəsində konvensiyalarına qoşulduğunu xatırladan Əbülfəs Qarayev 2008-ci ildə ilk dəfə ölkəmizdə Avropa mədəniyyət nazirlərinin konfransının keçirildiyini və bu toplantıya qonşu regionların islam ölkələrinin mədəniyyət nazirlərinin də dəvət edildiyini diqqətə çatdırdı. 2009-cu ildə Bakıda ilk dəfə gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu Avropa Şurası tərəfindən dəstəklənmişdir. Bu gün artıq 2015-ci ildə keçiriləcək III Foruma hazırlıq görüldüyünü deyən nazir bu layihələrin dəstəklənməsinə görə Avropa Şurasına təşəkkürünü bildirdi.
Nazir XXI əsrdə mədəni proseslərin rəqəmsal daşıyıcılarda geniş auditoriyaya çatdırılmasının əhəmiyyətini vurğulayaraq Azərbaycanda tam sərbəst, açıq internet məkanı olduğunu qeyd etdi. Vurğulandı ki, hər dövlət orqanı öz iş istiqaməti çərçivəsində bu sahənin inkişafına əhəmiyyət verir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan “GoMap” sisteminin minlərlə istifadəçisi var. Həmçinin ölkəmizdə kitabxana, muzey və digər mədəniyyət müəssisələrin internet şəbəkəsi yaradılmışdır. Hazırda 26 proqram üzərində iş aparmaq planlaşdırılmışdır. Lakin bu zaman müəyyən problemlər ortaya çıxır. Müvafiq sahələrdə çalışanların 60 faizindən çoxu öz iş təcrübələrini internetdən əvvəlki dövrdə əldə etdiklərindən müasir avadanlıqdan istifadə bəzi çətinliklər yaradır. Buna görə də treninqlərin keçirilməsi vacibdir.
Konfransda xarici ölkələrin nümayəndələrinin iştirak etdiyini xatırladan Əbülfəs Qarayev bu sahədə əməkdaşlığın vacibliyini vurğuladı: “Biz birləşib bu problemləri həll etməliyik. Digər mühüm məsələ isə internet istifadəçilərinin daha geniş auditoriyasını təşkil edən gənclərin mədəniyyət sahəsində gedən proseslərə cəlb olunmasıdır. Bunun üçün müvafiq yollar tapılmalıdır. Bu gün heç bir qurum öz işini rəqəmsal dünyasız təsəvvür edə bilməz”.
Nazir bildirdi ki, ayrı-ayrı mədəniyyət müəssisələri rəqəmsal texnologiyadan səmərəli istifadə edir, amma ölkə üzrə yeddi mindən artıq mədəniyyət müəssisəsi var və onların hamısı müasir texnologiyadan istifadəyə cəlb edilməlidir: “Məqsəd müasir dövrdə mədəni proseslərin əhəmiyyətini itirməmək, onları müasir texnologiya vasitəsilə mövzuya çevirərək diqqəti cəlb etmək və dünyanın mədəni inkişaf sürətindən geri qalmamaqdır”.
* * *
Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım Klaudia Luçiani çıxış edərək konfransın formatını yüksək qiymətləndirdi, belə tədbirlərin rəqəmsal inqilabın mədəniyyət sahəsində təsisatlara təsirini öyrənmək məqsədilə keçirildiyini vurğuladı. Onun sözlərinə görə, Avropa Şurası son 10 ildə müvafiq sahənin standartlarını müəyyənləşdirməyə və özü üçün fəaliyyət növlərini təyin etməyə çalışır: “Rəqəmsal inqilab mədəniyyət sahəsində təsisatlara mühüm təsir göstərir və biz Avropada yaşayan xalqları müasir dövrdə bu yolla bir araya gətirməyi düşünməliyik. Yeni texnologiyalar təkcə mexanizm kimi qəbul edilməməli, həm də yeni mühit, ab-hava yaratmalıdır. Bütün bunlarla yanaşı rəqəmsal dünyanın təhlükələri də var və biz bu sahədə də birgə çalışmalıyıq. Mədəniyyət sahəsində rəqəmsallaşma ilə bağlı hər bir ölkənin mədəniyyət nazirlikləri platformalar hazırlayaraq təqdim etməli və bu işdə yaxından iştirak etməlidirlər”.
Avropa Şurasının mədəniyyət, irs və landşaft üzrə rəhbər komitəsinin sədr müavini Kimmo Aulake dünyada rəqəmsallaşmanın çox böyük sürətlə getdiyini diqqətə çatdırdı. Bildirdi ki, bütün ölkələr öz mədəniyyət siyasətlərində rəqəmsallaşmanın əksini tapmasında maraqlıdır. Lakin mədəniyyət sahəsində hansı innovasiyalar tətbiq edilməlidir - bu, əsas müzakirə obyektinə çevrilməlidir. Həmçinin bu sahəyə gənc nəslin cəlb edilməsi də zəruridir.
Fransanın Sorbonna Universitetindən xanım Divina Frau-Meiqs, Avstriyanın “Ars Electronika” şirkətinin bədii rəhbəri Gerfrid Stoker də çıxış edərək konfransın əhəmiyyətindən danışdılar. Çıxışlarda müasir dövrdə internetdən daha çox istifadə edən uşaqların və gənclərin düzgün mövzu seçiminin vacibliyi vurğulandı, bu işə medianın da cəlb edilməsi təklif olundu.
* * *
Fasilədən sonra konfrans Avropa Şurası CEA mədəniyyət fəaliyyəti təşkilatının üzvü Luca Bergamonun sədrliyi ilə davam etdi. Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin əməkdaşı Joanna Chansel, Bolqarıstanın CDCPP şirkətinin əməkdaşı Deiana Danailova, Avropa Kitabxana İnformasiya və Sənədləşmə Assosiasiyaları Bürosunun (AKİSAB) nümayəndələri Vadim Duda, Vincent Bonnet, Portuqaliyanın Minho Universitetinin əməkdaşı Manuel Pinto, “Google” şirkətinin MDB üzrə nümayəndəsi Marina Zhunich, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşdülər.
Qeyd olundu ki, yeni texnologiyalar yeni fikrin formalaşmasına təsir göstərir. Bu sahənin iqtisadi və mədəni sahələrə təsiri çoxdur. Rəqəmsal inqilab 20 il əvvəl baş verib və bu gün yeni texnologiyalardan istifadə edilməklə incəsənət və texnologiya bir araya gətirilir. Sosial mediadan geniş istifadə, mədəniyyət sahələrinin texnologiyanın inkişafına təsiri qarşıda duran vacib məsələlərdəndir. Mədəni təchizatlar rəqəmsallaşmalı, bu sahədə mütəxəssislər yetişməlidir. Rəqəmsallaşmada müəllif hüquqları, davamlı rəqəmsallaşma, internet şəbəkədə mədəniyyətin bir ölkəyə deyil, bütün dünyaya aid edilməsi kimi məsələlər də müzakirə obyekti oldu. Məruzəçilər öz sahələrində rəqəmsallaşma ilə bağlı əldə olunan nailiyyətlər haqqında da məlumat verdilər.
Konfrans işini “Uyğunsuzluqların aradan qaldırılması: rəqəmsallaşmadan əvvəlki mədəni institutlardan rəqəmsal mədəni institutlara keçid tendensiyaları” mövzusunda sessiya ilə davam etdirdi. Sessiyada mədəni həyata çıxış və burada iştirak səviyyəsinin yüksəldilməsi, rəqəmsal ziddiyyətlərin aradan qaldırılması, bunun üçün mədəniyyət institutlarında tətbiq olunacaq yeni peşələr və düşüncə tərzləri, müvafiq müəssisələrdə idarəçilikdə rəqəmsal eraya keçmək, bu sahədə fəaliyyət göstərən özəl subyektlərin rolu, yeni qaydalara ehtiyac məsələləri müzakirə edildi.
* * *
Konfransın ikinci iş günü maraqlı müzakirələrlə yadda qaldı. “Qeyri-müəyyən sərhədlər: mədəni istehsalda yaranan istiqamətlər ilə necə davranmalı?” mövzusunda sessiyada yaradıcı insanlar, sənətkarlar, yeni incəsənət növləri və təcrübə nümunələri, həmçinin incəsənət, bazarlar, turizm və digər sahələrdə açıq məlumat və məzmun baxımından yeni spesifik xüsusiyyətlər, rəqəmsal erada mədəni özünüifadəyə, yaradıcılığa və istehsala təkan verməyin yolları və s. məsələlərdən bəhs edildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, aparılan müzakirələr mədəniyyət sahələrinin müasir inkişafında rəqəmsal texnologiyaların öyrənilməsinin və tətbiqinin vacibliyini bir daha təsdiq edir. Qeyd edildi ki, konfransda mədəniyyət və rəqəmsallaşmanın qarşılıqlı əlaqəsinin bütün aspektlərinin müzakirəsi rəqəmsal texnologiyaların mədəniyyət institutlarının inkişafında rolunun müəyyən edilməsi, peşəkar nəzəri və praktik biliklərin mübadiləsi baxımından gələcək fəaliyyətimizdə müsbət rol oynayacaq. Bununla belə, müasir texnologiyalarla bağlı yaranan yeni sənət növləri ənənəvi incəsənəti əvəz etməməli, onların paralel inkişafı təmin olunmalıdır. Biz bir tərəfdən rəqəmsal texnologiyaların inkişafına, mədəni həyatımızda tətbiqinə şərait yaratmalı, digər tərəfdən isə ənənəvi incəsənətə dəyə biləcək zərbənin qarşısını almalıyıq. Bir sözlə, rəqəmsal texnologiyalar mədəniyyət və incəsənətin mübadiləsində daha çox vasitə rolunu oynamalıdır.
Sonda Avropa Şurasının mədəniyyət, irs və landşaft üzrə rəhbər komitəsinin sədr müavini Kimmo Aulake, Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım Klaudia Luçiani çıxış edərək konfransın məhsuldar olduğunu, gələcək əməkdaşlığa layiqli töhfə verəcəyini vurğuladılar, Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə etdilər.

Lalə Azəri