Mətbuat xidmətlərinin internet mediası ilə əlaqələrinə dair təlimlər

İyulun 5-də Milli İncəsənət Muzeyində Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) və Gənclər üçün Təhsil Mərkəzi (GTM) ictimai birliklərinin “MediaMən” jurnalistika məktəbi layihəsi çərçivəsində təlimlər başlandı.

Layihə üzrə ilk treninq dövlət orqanları mətbuat xidmətlərinin internet mediasının verdiyi üstünlüklərdən istifadə prinsipləri və onlayn xəbər portalları ilə əməkdaşlıq qaydalarına həsr edilmişdi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqı və Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Zöhrə Əliyeva “MediaMən” jurnalistika məktəbinin dinləyicisi olan 20-dək tələbə ilə öz təcrübəsini bölüşdü. Müasir dövrdə kütləvi informasiya vasitələrinin sürətli inkişafı ilə əlaqədar yaranmış yeni metodlar, informasiyanın ötürülməsində internetin verdiyi üstünlüklər, xəbər portalları ilə iş, eləcə də sosial mediadan faydalı istifadəyə dair məlumatlar dinləyicilərin diqqətinə çatdırıldı.
Dövlət orqanlarında mətbuat xidmətlərinin vəzifə və fəaliyyət imkanlarından danışan Zöhrə Əliyeva təmsil etdiyi nazirlikdə mətbuat xidmətinin KİV-lə, xüsusən də internet üzərindən yayımlanan media orqanları ilə əlaqələrin qurulmasının günün vacib tələblərindən olduğunu vurğuladı. Qeyd olundu ki, dövlət orqanları, onların fəaliyyəti, həyata keçirdikləri tədbirlərin ictimaiyyətə çatdırılmasında mətbuat xidmətlərinin xüsusi yeri var.
Zöhrə Əliyeva təlim iştirakçılarına KİV-ə məlumatların ötürülməsi və vətəndaşların dövlət orqanlarına müraciəti, onların məlumatlandırılma imkanlarının daha da asanlaşdırılması məqsədilə nazirliyin rəsmi saytında yaradılan imkanlar haqqında da məlumat verdi. Bildirildi ki, saytda Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi bütün tədbirlər, ölkəmizin mədəniyyət və turizmi ilə bağlı önəmli məlumatlar yer alır. Bu məlumatlar eyni zamanda nazirliyin rəsmi facebook səhifəsində də yayılır.
İnteraktiv şəkildə keçirilən təlimdə tələbələr də öz fikirlərini bildirdilər, onları maraqlandıran suallar cavablandırıldı.
Tələbələrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi və turizmi haqqında nəşrlər hədiyyə edildi. Sonda treninq iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə tanış oldular.

Fariz Hüseynov