Xəbər verdiyimiz kimi, iyulun 8-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan günlərinə start verilib. “Azərbaycan - ənənələr və gələcək ölkəsi” şüarı altında keçirilən və iyulun 31-dək davam edəcək layihə çərçivəsində rəngarəng mədəniyyət tədbirləri, təqdimatlar nəzərdə tutulub.

Lacivərd sahildə caz-muğam

Azərbaycan günləri caz ifaçılarımızın konserti ilə başlayıb. Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub. Azərbaycan cazının müxtəlif çalarları, həmçinin caz-muğam tamaşaçılara xoş anlar yaşadıb.
Qonaqlara Heydər Əliyev Fondunun ölkəmizin tarixini, milli və modern musiqi ənənələrini əks etdirən nəşrlər təqdim olunub. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər. Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradıb.

“Bakı-Avropa Oyunları-2015”in təqdimatı

İyulun 9-da Azərbaycan günləri çərçivəsində “Bakı-Avropa Oyunları-2015”in təntənəli təqdimatı olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirin aparıcısı ölkəmiz, tarix və mədəniyyətimiz haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, Azərbaycan paytaxtı bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcək.
Kann şəhərinin meri Devid Lisnard Xəzərin mirvarisi olan Bakı ilə Aralıq dənizinin mirvarisi olan Kann arasında dostluq əlaqələrinin inkişaf etdiyini, artıq ikinci dəfə bu şəhərdə Azərbaycan mədəniyyət günləri təşkil olunduğunu diqqətə çatdırıb. “Azərbaycan zəngin mədəni dəyərlərə malikdir” - deyən mer əminliklə bildirib ki, ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq.
* * *
Azərbaycanın birinci xanımı, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.
Göstərilən qonaqpərvərliyə, tədbirlərin təşkilinə edilən yardıma görə Kann şəhərinin merinə təşəkkürünü bildirən Mehriban Əliyeva 2015-ci ildə Bakının ev sahibliyi edəcəyi Avropa Oyunları barədə məlumat verib: “Baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib. Tarixə ilk Avropa Oyunları kimi daxil olacaq yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək Azərbaycan üçün böyük şərəfdir və böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. Biz müstəqilliyimizi bərpa etdikdən sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Son yay olimpiadasında Azərbaycan atletləri on medal qazanmışlar və bu nəticələrinə görə Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar. Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə - Avropa və dünya çempionatları keçirilib. Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin ümumi sürətlə inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunları Azərbaycanda keçirməyə qərar vermişdir”.

“Olimpiya hərəkatı insanları, xalqları bir araya gətirir, dostluq yaradır”

Qeyd olunub ki, Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılsa da, Azərbaycan bu tədbiri Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir: “Fürsətdən istifadə edərək sizi ölkəmizə dəvət edirəm. Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz. Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayır, fəaliyyət göstərirlər. Bu gün də öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq”.
“Bakı-2015” Avropa Oyunlarının Avropanın müxtəlif şəhərlərində təqdimatının ilk olaraq Fransada, Kannda keçirildiyini deyən Mehriban Əliyeva bunun təsadüfi olmadığını vurğulayıb: “Bir il bundan əvvəl, yəqin ki, siz xatırlayırsınız, Kannda Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kannla Azərbaycanın bir şəhəri arasında bu ənənə davam etdiriləcək. Onu da xatırlatmaq istərdim ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer Kubertenin səyləri nəticəsində olimpiya hərəkatı bərpa olunmuşdur. O vaxtdan etibarən olimpiya hərəkatının təcrübəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları bu dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir”.
* * *
Mərasimdə “Bakı - 2015” Avropa Oyunlarına həsr olunan video təqdimat olub. Ötən dövrdə görülən işlər, tikilən idman obyektləri barədə geniş məlumat verilib.
Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb, görülən hazırlıq işlərini yüksək qiymətləndirib.
Sonra “Bakı-2015”in təqdimatı münasibətilə ziyafət verilib. Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış ediblər.
Sonda Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olub, Azərbaycanın dövlət himni səslənib. Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunub.
Beləliklə, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ölkədən kənarda ilk təqdimatı yüksək səviyyədə gerçəkləşib. Bu bir daha təsdiqləyir ki, paytaxtımızın ev sahibliyi edəcəyi beynəlxalq idman tədbirinə dünyada, xüsusilə də Avropada böyük maraq var və 2015-ci ilin yayında Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq.