İranın “MehrNews” agentliyinin verdiyi xəbərə görə, bu yaxınlarda İranın «Əmir Kəbir» nəşriyyatı Nizami Gəncəvinin (Gəncei) «Xosrov və Şirin», «Leyli və Məcnun», «İqbalnamə» və «Şərəfnamə» əsərlərini Behruz Sərvətiyanın düzəlişi ilə yenidən çap edib. Nəşriyyat Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. Agentliyin məlumatında deyilir ki, «Xosrov və Şirin» əsərinin düzəlişləri və şərhi dünyanın müxtəlif muzey və kitabxanalarında olan 14 əlyazmaya uyğun aparılıb. 1175 səhifəlik kitab «Əmir Kəbir» nəşriyyatı tərəfindən 2000 nüsxə tirajla çap olunub. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin düzəlişləri 12 əlyazmaya uyğun aparılıb. Əlyazmaların biri Təbriz Milli Kitabxanasında, digəri Moskva kitabxanasında saxlanılır. «Leyli və Məcnun» kitabı 683 səhifə, tirajı 1000 nüsxədir. N. Gəncəvi “İqbalnamə” və “Şərəfnamə”dən ibarət olan “İsgəndərnamə”ni bu əsəri altıncı əsrdə qələmə alınmış «Qədim İsgəndərnamə» əsərinə uyğun yazıb. Kitab 828 səhifədə 2000 nüsxə ilə çap olunub. «İqbalnamə» hicri 607-cı ildə yazılıb və Nizaminin digər 5 əsərindən fərqlənir. Bu kitab 600 səhifə və 500 nüsxədə çap olunub. Dünya ədəbiyyatı tarixində ədibin mill kimliyi barədə fikir ayrılıqlarına rast gəlmək olur. Ədəbi əsərin milli olması üçün yalnız onun dili kifayətdirmi? Əslində hər bir əsəri milliləşdirən ruh, məna və məzmundur.
Finlərin məşhur vətənpərvər şairləri əsərlərini İsveç dilində yazıblar, lakin Finlandiyanın paytaxtında həmin şairlərə heykəllər ucaltmışlar. Və ya başqa bir misal, İrlandiya ədəbiyyatının müəyyən hissəsi ingilis dilində yazılıb. O cümlədən Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən əsərləri ingilis dilindədir. Dünya dahilərinin adları, mənsubiyyəti ətrafında çəkişmələr yeni bir şey deyil. Amma başqalarının yanlış adətlərini pozmaq lazım gəlir. Əsərin milliliyi onun məğzində, özəyində, hissiyyat, duyğu, şüur və şüuraltı varlığındadır.
XVIII əsrdə fransız olmayan yazıçılar əsərlərini fransız dilində yazırdılar. Bu, elm və ədəbiyyat dili idi. İslam şərqində bu dəyəri fars dili daşıyırdı. Orta əsrlərdə latın dili bütün avropalılar üçün ortaq dil idi. Bütün ədiblər, ziyalılar əsərlərini bu dildə yazmışlar. Ərəblərə görə, İbn-Sina ərəbdir. Çünki əsərlərini ərəbcə yazıb. Farslara görə isə başqa bir çox iranlı alim kimi - əsərlərini ərəbcə yazsa da - İbn-Sina farsdır. Türklərə görə, İbn-Sina Buxarada doğulduğu üçün türkdür və “Sina”nın filoloji baxımdan türkcə bir ad olduğunu iddia edirlər.
Nizami Azərbaycanın qədim paytaxtlarından biri Gəncədə doğulub, yaşayıb və orada vəfat edib. Şairin həqiqi və məcazi mənada, müxtəlif anlam və məqamlarda işlətdiyi bol-bol türk isim və sifətlərini ümumiləşdirsək görərik ki, “türk” gözəl, mərd, qəhrəman, bilici, sərkərdə, başçı kimi nəzərdə tutulur. Onun yaradıcılığında Firdovsidə müşahidə olunan fars təəssübkeşliyindən əsər-əlamət yoxdur. Öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açan Nizami əsərlərinin (“Yeddi gözəl”) birində türkcənin anlaşılmadığından şikayət edir:
Ağıl bilir ki, mən nələr söyləyirəm
İşarətimlə nələr istəyirəm.
Zatı qırıqlar məni sındıra bilməz
Çünki arxamda yoxluq kimi varlıq var
Türkəm bu həbəşlikdə alan yox...
Turan