Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri davam edir. İyulun 8-də start verilən layihə çərçivəsində rəngarəng mədəniyyət tədbirləri, sərgilər, konsertlər, təqdimatlar keçirilir.

“Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi”

İyulun 10-da şəhərdəki Festivallar və Konqreslər Sarayında bir neçə ekspozisiyanı özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Festivallar və Konqreslər Sarayının direktoru Kler-Ann Reks iştirakçıları salamlayaraq bildirib ki, artıq ikinci ildir Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu, şəhərin həyatında mühüm hadisədir. O, şəhərə gələn turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında iyirmi ildən çox davam edən əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır, qarşılıqlı ticarət dövriyyəsi 2 milyard dollara yaxındır. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir.
Humanitar sahədə də əlaqələr genişlənir. Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda Bakıda fransız liseyi inşa olunub. Azərbaycan dövləti Luvr Muzeyinin İslam İncəsənəti Departamentinin yaradılmasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəviyə həsr olunmuş elmi konfranslar təşkil olunub. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib.
“Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq hər il burada keçirmək istərdik”, - deyə Mehriban Əliyeva bildirib.
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monsel rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, qurumun üzvlərinin sayı getdikcə artır və bu da Fransada Azərbaycana olan maraqdan irəli gəlir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Heydər Əliyev Fondunun layihəsi olan “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisində bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox əsərin toplandığı ekspozisiya Fransaya həsr edilib. “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı bölmədəki əsərlərdə paytaxtı Paris və bu ölkənin regionları təsvir olunub.
Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunur. Qonaqlar qədim misgərlik nümunələrimiz, milli geyimlərimizlə də tanış olmaq imkanı əldə ediblər. Sərginin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də son dərəcə maraqla qarşılanıb. Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olaraq ayrıca bölmə də maraq doğurur. Bundan əlavə, ekspozisiyalarda Heydər Əliyev Fondunun ölkəmizin, mədəniyyətimizin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri sərgilənir.
İyulun 31-dək davam edəcək bu sərgilər 2013-2014-cü illərdə Fransanın regionlarında təşkil olunan sərgilərin bir növ icmalı kimi dəyərləndirilir və bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq imicinin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyət artıq öz bəhrələrini verir.
Sonra Kannın Festivallar və Konqreslər Sarayında Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olub.
Azərbaycan musiqi mədəniyyəti növbəti dəfə Kann şəhərinin sakinlərinin qəlbini fəth edib.

Caz musiqisi konserti

Mədəniyyət günləri çərçivəsində iyulun 11-də Festivallar və Konqreslər Sarayında, açıq səma altında Azərbaycanın tanınmış caz ifaçısı, Əməkdar artist gənc cazmen İsfar Sarabskinin konserti təşkil edilib.
Konsert Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş edib. Bu şəhərdə il boyu müxtəlif musiqi janrlarında rəngarəng konsertlər təşkil edilir, məşhur ifaçılar çıxış edir. Bu dəfə özünəməxsusluğu, orijinal muğam-caz üslubu ilə seçilən caz sədaları səslənib. Müstəqil, yüngül, eyni zamanda dərin və mənalı musiqi. Bu gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə növbəti dəfə festivallar şəhərinin qəhrəmanı olub. Virtuoz ifaçı İsfar Sarabskinin çıxışı kannlılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

"Müasir dəbdə Azərbaycan cazibəsi"

İyulun 12-də Fransanın Kann şəhərində dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr olunmuş "Müasir dəbdə Azərbaycan cazibəsi" adlı moda nümayişi keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Təqdimat layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində italyan modelyerin milli geyimlərimiz əsasında hazırladığı kolleksiya təqdim edilib. 40-dan çox geyim nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilib. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından, od və nar elementlərindən istifadə edilib.
Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır. Xatırladaq ki, kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunub.
Mədəniyyət günləri çərçivəsində ölkəmizin milli mətbəxinin də təqdimatı olub. Azərbaycan mətbəxinin ləziz təamları çoxsaylı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Kann şəhərində baş tutan tədbirlər bir daha sübut etdi ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir. Azərbaycan mədəniyyəti günləri iyulun 31-dək davam edəcək.

Mədəniyyət günləri “Euronews” telekanalında

Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri barədə “Euronews” kanalında süjet yayımlanıb. Süjetdə mədəniyyət günlərinin tədbirləri haqqında məlumat verilib. Konsert və sərgilərin təşkil edildiyi qeyd olunur, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı diqqətə çatdırılır. Sərginin iyulun 31-dək davam edəcəyi bildirilir. Süjet bu sözlərlə yekunlaşır: “Azərbaycan mədəniyyəti günləri gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələlərindən biridir”.