Bakıda keçirilən seminarda Azərbaycan təcrübəsi geniş müzakirə olundu
İyulun 21-də Bakıdakı “Park İnn” hotelində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində mədəniyyət siyasəti ilə bağlı təcrübə mübadiləsinə həsr edilən ikinci seminar işə başladı. Seminar “Şərq tərəfdaşlığı” ölkələrində mədəniyyət sahəsində islahatları dəstəkləmək məqsədi daşıyır.
“Şərq tərəfdaşlığı”nın “Mədəniyyət” proqramının monitorinq və institusional inkişaf bürosunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir “Azərbaycanın mədəniyyət strategiyası: strategiya mədəniyyət layihələrini necə müəyyən edir və layihələr strategiyaya necə təsir göstərir” mövzusuna həsr olunmuşdu.
Seminarın açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən danışdı, ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti, bu sahədə görülən işlər, aparılan islahatlar barədə geniş informasiyanı “Şərq tərəfdaşlığı” komitəsi üzvlərinin diqqətinə çatdırdı. Bildirildi ki, son 3 ildə ölkədə 19 muzey bərpa edilib və 2 yeni muzey yaradılıb, yeni muzeylərin açılışı yaxın vaxtlarda keçiriləcək. Nazir müavini Xalça Muzeyinin yeni binası və burada görülən işlər haqqında da məlumat verdi.
Həmçinin işğal altında olan ərazilərimizdəki dağıdılıb talan edilən mədəniyyət obyektləri, musiqi məktəbləri, muzey və kitabxanalardan söz açdı.
Tədbirdə mədəniyyət sənayesi, mədəniyyət sahəsində təhsil, turizm mədəniyyəti və mədəniyyətin rəqəmsallaşması kimi aktual məsələlərin müzakirə olunacağını vurğulayan Sevda Məmmədəliyeva seminarın işinə uğurlar arzuladı.
Sonra seminar-layihənin rəhbəri Luçano Qloorun sədrliyi ilə davam etdi. Bildirildi ki, açıq sessiyada seminara 40 daimi iştirakçı ilə yanaşı, mədəniyyət təşkilatlarından 30-a yaxın nümayəndə qatılıb. Layihə rəhbərinin sözlərinə görə, bu qəbildən seminarlar Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramını əhatə edən digər ölkələrdə də keçirilib.
Tədbirin məqsədi Azərbaycanda mədəniyyət sahəsində milli təcrübəyə xüsusi diqqət yetirmək və ölkənin mədəniyyət siyasətinin prioritet istiqamətlərini, onun həyata keçirilməsinə yanaşmaları öyrənməkdir. “Şərq tərəfdaşlığı”nın “Mədəniyyət” proqramının monitorinq və institusional inkişaf bürosunun rəhbəri həmçinin iştirakçıların nəzərinə çatdırdı ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın mədəniyyət konsepsiyasının əsas məqsədini yazılı şəkildə təqdim edib.
Seminar işini bölmə iclasları ilə davam etdirdi. Höte İnstitutunun Azərbaycanda mədəni proqramlar üzrə koordinatoru, rəssam Səbinə Şıxlinskaya seminarın əhəmiyyəti barədə danışdı, işçi qrupları haqqında məlumat verdi. Bildirildi ki, tədbirdə mədəni strategiyanın təbliğatı ilə bağlı müzakirəyə təklif olunan suallar iştirakçılara Azərbaycanın nümunəsində strategiyanın təcrübə ilə əlaqəsini öyrənməyə imkan yaradacaq. İştirakçılar konkret layihələri müzakirə etməklə mədəni strategiyanın təcrübəni, eyni zamanda təcrübənin strategiyanı necə formalaşdırdığının təhlilini apara bilərlər. Əsas diqqət mədəniyyət sənayesi, incəsənət sahəsində alternativ təhsil, mədəni turizm və rəqəmsal texnologiyalar kimi məsələlərə yönəldiləcək.
Seminarda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Yaşar Hüseynli “Müasir dövrdə mədəni siyasət və mədəni siyasətin təşkili” mövzusunda məruzə ilə çıxış etdi.
İki gün davam edən tədbirin müxtəlif ölkələrdən olan iştirakçıları Heydər Əliyev Mərkəzi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və digər mədəni abidələrlə də tanış olublar.
Lalə Azəri