Beynəlxalq tədbir dostluğun və qardaşlığın tərənnümünə çevrilib
İyulun 20-də Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə beynəlxalq şirniyyat festivalı keçirilib.
XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları ləziz məhsullar nümayiş etdirilib.
Tədbirin rəsmi açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Şəkidə müxtəlif xarakterli festivalların keçirilməsinin artıq ənənə şəklini aldığını deyib. Bir neçə gün əvvəl qədim şəhər beşinci dəfə “İpək Yolu” beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Beynəlxalq şirniyyat festivalının da məhz Şəkidə keçirilməsi çox sevindiricidir.
Azərbaycanın mədəni irsinin çox zəngin olduğunu vurğulayan Vaqif Əliyev qeyd edib ki, bu zənginliyin qorunub saxlanılması və inkişaf etdirilməsi, dünyaya layiqincə tanıdılması vacibdir. Bu sahəyə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar buna bariz nümunədir. Heydər Əliyev Fondunun mədəni irsin qorunub saxlanması ilə bağlı həyata keçirdiyi tədbirlər bu istiqamətdə əvəzsiz töhfələrdir.
Bildirilib ki, beynəlxalq şirniyyat festivalının keçirilməsinin də əsas məqsədi xalqımızın qeyri-maddi irsinin qorunub saxlanılması və təbliğ olunmasına, eyni zamanda Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında qeyd edib ki, festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın milli mətbəx mədəniyyətinin formalaşmasına mühüm təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdikləri təcrübə və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb. Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Burada şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da yol açıb, şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki təkcə özünün ipəyi ilə deyil, eyni zamanda halvası ilə də bütün dünyada məşhurdur.
Layihə barədə məlumat verən Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, artıq dörd ildir iyulun 20-si dünya miqyasında “Beynəlxalq şirniyyat günü” kimi qeyd olunur. İlk dəfə 2011-ci ildə bir çox ölkələrdə keçirilən bu bayram xalqlar və insanlar arasında dostluğu və sülhü təbliğ edir. Tahir Əmiraslanovun sözlərinə görə, Milli Kulinariya Mərkəzi ötən üç ildə Bakıda belə festival keçirib. Lakin beynəlxalq formatda festival ilk dəfə təşkil edilir.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan və Koreya Respublikasından, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçıların hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. Zəngin ənənələri olan Şəki festivalda 17 şirniyyat sexinin məhsulları ilə təmsil edilib.
İştirakçı ölkələrin mətbəxlərinə aid şirniyyat məhsulları, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları şirin xörəklər (firni, xəşil, şirin plov, südlü sıyıq), unlu qənnadı məmulatları (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlar (noğul, qoz halvası, səməni halvası) böyük maraqla qarşılanıb. Şirniyyat ustalarının öz məhsullarını milli paltarda təqdim etmələri, sərgi yerlərinə bölgələrimizə məxsus olan məişət əşyalarının, həsir və xalçaların düzülməsi tədbirə xüsusi əhval-ruhiyyə qatıb.
Qırğızıstan Aşbazlar Assosiasiyasının sədri Şuhrat Şaripovun sədrlik etdiyi 17 nəfərdən ibarət münsiflər heyətinin tərkibinə Monqolustan Aşbazlar Assosiasiyasının sədri Jançiv Oktyabri, MDB məkanında məşhur mətbəx kitablarının müəllifi, dünya şöhrətli kulinar Stalik Xankişiyev, Gürcüstan Aşbazlar Gildiyasının prezidenti Vladimir Mjvanadze, Koreya Aşbazlar Assosiasiyasının üzvü, baş aşbaz Kim Li və başqaları daxil idilər. Şirniyyatçıların əvvəlcədən hazırlayıb festivala təqdim etdiyi məhsullar 100 ballıq sistem üzrə qiymətləndirilib.
Xeyli davam edən müzakirələrdən sonra münsiflər heyətinin yekdil rəyi ilə Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görülüblər. İkinci yerə Şamaxı rayonunun, Naftalan şəhərinin, həmçinin Türkiyə və Gürcüstanın kulinarları tutublar. Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gəlmiş şirniyyatçılar üçüncü yeri qazanaraq festivalın bürünc medallarına layiq görülüblər. Mükafatlandırılanlar arasında Şəkinin məşhur halvaçı sexlərinin qənnadıçıları da var. Digər iştirakçılar diplomlarla təltif olunub.
Şəki Şəhər İcra Hakimiyyətinə isə Azərbaycan Milli Kulinariya Mərkəzinin kuboku təqdim edilib.
“Şəki ölkəmizin şirniyyat mərkəzidir. Biz Şəkini əvvəlcə Azərbaycanın, gələcəkdə isə dünyanın şirniyyat paytaxtı kimi görmək arzusundayıq. İstəyirik ki, bütün dünya Şəkini şirniyyat paytaxtı kimi tanısın, dünyanın ən gözəl şirniyyatlarını dadmaq istəyənlər buraya gəlsinlər”, - deyə Milli Kulinariya Mərkəzinin direktoru T.Əmiraslanov bildirib.
Festival musiqi və rəqs kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb.