İsmayıllı məktəbliləri Yaponiyada

Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış İsmayıllı rayonundan bir qrup şagird ilk dəfə bu ölkəyə gəlib. Səfər ötən ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında imzalanmış “Dostluq mübadiləsi haqqında” sazişə əsasən gerçəkləşib.

İsmayıllının 1 və 6 nömrəli orta məktəblərinin səfərdə 6 şagirdini Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov müşayiət edir.
Səfərin ilk iki günündə azərbaycanlı şagirdlər Tokionun görməli yerləri ilə tanış olub, Azərbaycanın Yaponiyadakı səfirliyinə baş çəkiblər.
İsmayıllı şagirdləri bir neçə ildir ki, İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu şəhərlərin bir-birinə yaxınlaşmasında həmin məktubların da rolu olub. İto şəhərinin “İnternational Homestay Club”ın nümayəndəsi xanım Kazuko İşida azərbaycanlı məktəblilər üçün zəngin səfər proqramı hazırlandığını deyib. Şagirdlər “Homstay” proqramı çərçivəsində həmyaşıdlarının ailələrində yaşayacaq, burada yapon həyat tərzi, ailədaxili münasibətlər və milli mədəniyyətlə yaxından tanış olacaqlar. Onlara İto şəhər musiqi məktəbində milli musiqi alətləri haqqında məlumat veriləcək, oğlanlar əlbəyaxa döyüş növlərinin öyrədildiyi məktəbdə olacaqlar. Azərbaycanlı şagirdlər avqustun 8-10-da İto şəhərində təşkil olunan “Angin Maçuri” - Yay festivalına da qatılacaqlar. Səfər avqustun 13-də başa çatacaq.
Gələn il isə yapon məktəblilərinin İsmayıllı rayonuna səfəri planlaşdırılır.