Ölkəmizin geniş heyətlə təmsil olunduğu tədbirdə Qədim Musiqi Alətləri Ansamblı maraqlı konsert proqramları ilə çıxış edib
Macarıstanın Buqats bölgəsindəki Kişqunşaq Milli Parkında Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb.
Sayca beşinci olan qurultayın əsas məqsədi türk-hun dünyası təmsilçilərini bir araya gətirmək və onların milli mədəniyyət nümunələrini nümayiş etdirməkdir. Builki qurultay iştirakçı ölkələrin sayının çoxluğu və geniş miqyası ilə seçilib. Tədbirdə Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər, elm və mədəniyyət xadimləri, həmçinin Qədim Musiqi Alətləri Ansamblının təmsil olunduğu geniş heyət iştirak edib.
Qurultayın açılış mərasimində qədim dövr geyimlərində əsgərlərin iştirakı ilə döyüş səhnələri canlandırılıb, müxtəlif yarışlar keçirilib. Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak tədbirin xalqlar arasında dostluğa böyük bir töhfə olduğunu vurğulayıb. Macar-Turan Fondunun sədri Andraş Biro və Macarıstan parlamentinin əsas fraksiyalarından “Daha Yaxşı Macarıstan uğrunda - Yobbik” partiyasının sədri Qabor Vona türk-macar münasibətləri, macarların qədim soy-kökləri haqqında danışıblar. Çıxışlarda qurultayın Macarıstanla türk dövlətləri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından geniş imkan yaradacağı qeyd edilib.
Qurultayda türk xalqlarının əbədi qardaşlığı ilə bağlı andiçmə mərasimi keçirilib, andın mətni əski türk əlifbasında lövhəyə həkk olunub. Tədbir mədəni proqramla davam edib. İlk olaraq səhnəyə Azərbaycandan Qədim Musiqi Alətləri Ansamblı çıxıb. Kollektivin ifasında səslənən xalq mahnılarımız çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla və sürəkli alqışlarla qarşılanıb. Digər iştirakçı qrupların ifa etdikləri musiqilər, rəqs nümunələri tədbirə rəng qatıb.
Qurultayın son günü qədim türk dünyası mərasimləri nümayiş etdirilib. Həmin gün Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblı da maraqlı proqramla çıxış edib.
Tədbir çərçivəsində müxtəlif sərgilər, müsabiqələr keçirilib, yarmarka təşkil edilib. Ümumilikdə tədbirdə 200 mindən artıq tamaşaçı olub.