Forumda Azərbaycan nümayəndə heyəti iştirak edib
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti BMT-nin Sivilizasiyalar Alyansının VI Dünya Forumunda iştirak etmək üçün avqustun 28-dən sentyabrın 1-dək İndoneziya Respublikasında səfərdə olub.
Avqustun 29-da səfər çərçivəsində Elçin Əfəndiyev Dünya Forumunun Nazirlər Toplantısında çıxış edərək Azərbaycanın müasir mədəniyyətlərarası münasibətlərə, multikulturalizmin inkişafına, tolerant mədəniyyətin beynəlxalq təbliğinə töhfəsi barədə iştirakçılara məlumat verib. Baş nazirin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesi, Dünya Mədəniyyətlərarası Dialoq forumları, yeni yaradılmış Bakı Multikulturalizm Mərkəzinin əhəmiyyətindən danışıb.
Səfər çərçivəsində Elçin Əfəndiyev ilə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo arasında görüş olub. Görüşdə Azərbaycan-İspaniya iqtisadi, siyasi və humanitar əlaqələrinin hazırkı səviyyəsi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsinin vacib olduğu vurğulanıb. Elçin Əfəndiyev Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını və ölkəmizin ərazi bütövlüyünün İspaniya tərəfindən dəstəklənməsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Baş nazirin müavini tədbir çərçivəsində Yeni Zelandiyanın ticarət naziri ilə də görüşüb. Görüşdə ölkələrimizin əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Avqustun 30-da Elçin Əfəndiyev BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nassir Abdulaziz əl-Nasser ilə görüşüb. Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında münasibətlər barədə fikir mübadiləsi aparılıb. Elçin Əfəndiyev BMT-nin Sivilizasiyalar Alyansının VII Dünya Forumunun 2016-cı ildə Azərbaycanda keçirilməsini təklif edib. BMT SA-nın rəhbəri Azərbaycan ilə əməkdaşlıqdan məmnun olduğunu bildirərək 2015-ci ildə Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində yaxından iştirak edəcəklərini deyib.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın Xarici İşlər Nazirliyi arasında müqavilə imzalanıb. Müqaviləni qurumun rəhbəri Nasir Abdulaziz əl-Nasser və Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev imzalayıblar.
Baş nazirin müavini Elçin Əfəndiyev Kral Abdulla Mədəniyyətlərarası Beynəlxalq Dialoq Mərkəzinin rəhbəri ilə Azərbaycanla əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıb.