Qurumun ilk «açıq qapılar” tədbirində hədəflər və ötən bir ildə görülən işlər barədə məlumat verildi
Sentyabrın 4-də «Fairmont Baku» hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun (AKB) 2014-cü il üçün fəaliyyət planında nəzərdə tutulan «açıq qapılar» tədbiri keçirildi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Nazim Səmədov, nazirliyin əməkdaşları, büroya üzv olan mehmanxana və turizm şirkətlərinin, Azərbaycanın biznes turizmi sahəsində çalışan təşkilat və firmaların nümayəndələri iştirak edirdi.
AKB-nin icraçı direktoru Florian Sengstschmidt iştirakçıları salamlayaraq bildirdi ki, tədbirin məqsədi iştirakçıları qurumun işi, məqsəd və hədəfləri ilə yaxından tanış etmək, büronun gördüyü işləri və gələcək planlarını təqdim etmək, üzvlərini tanıtmaqdır. Qeyd olundu ki, Konqreslər Bürosu 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycanda turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılıb. Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, beynəlxalq tədbirlərdə iştirak və digər biznes əhəmiyyətli işlər daxildir. Qurumda ölkənin biznes turizmində aparıcı mövqe tutan 14 şirkət yer alıb.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. İttifaq ölkənin MİCE (biznes turizmi) bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına yardımçı olacaq. Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla sıx əlaqə qurur, beynəlxalq konqres və seminarlarda iştirak edir. Bunların sırasında «EIBTM» və «IMEX» beynəlxalq işgüzar turizm sərgilərini, M&I Avropa Forumu və digər tədbirləri qeyd etmək olar. Büro öz üzvləri üçün seminar və treninqlər, Rusiya və Almaniyadan olan biznes turizmi bazarının iştirakçıları üçün tanışlıq səfərləri təşkil edib.
Azərbaycan qlobal səviyyəli
tədbirləri əldə etməyi bacarır
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti ölkəmizdə turizmin inkişafına töhfə verməkdədir. Fəaliyyət göstərdiyi bir ildə artıq iki beynəlxalq sərgidə iştirak edərək, müsabiqəni udub və Azərbaycana beş başqa tədbir cəlb edib: “Ölkəmizdə ildən-ilə turizm agentliklərinin, mehmanxanaların sayı artır. Ümumi inkişaf göstərir ki, Azərbaycan qlobal səviyyəli tədbirlərə ev sahibliyini əldə etməyi bacarır. MİCE biznesində ölkəmiz artıq öz yerini tutmaqdadır. Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarının astanasındayıq. Növbəti il ölkəmizdə həmçinin Asiya İnkişaf Bankının böyük tədbiri olacaq. Tədbirdə iştirak etmək üçün yüzlərlə insan, iqtisadi qurumların təmsilçiləri Azərbaycana gələcək. Beş beynəlxalq qurum tərəfindən dəstəklənən Bakı Mədəniyyətlərarası Dialoq Forumu da iki ildən bir keçirilir. Bu baxımdan Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti çox önəmlidir. Müşahidələr onu göstərir ki, dünyada keçirilən konfrans və toplantıların 80 faizini məhz bu qurumlar təşkil edir. Ona görə də Azərbaycanda belə təşkilatın formalaşması olduqca vacibdir».
Nazir artıq bu tipli tədbirlərin təkcə paytaxtda deyil, ölkənin regionlarında, o cümlədən Qəbələdə, Şəkidə, Gəncədə, Qusarda təşkil edildiyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, Azərbaycan Konqreslər Bürosunun öz fəaliyyətini genişləndirməsi vacibdir: «Bir məqamı da diqqətə çatdırım ki, konfranslara gələn insanların adambaşına xərclədiyi vəsait adi turistlərin xərclədiyindən iki dəfə çoxdur. Ona görə də bizim üçün maraqlıdır ki, ölkəmizdə daha çox konfranslar təşkil edək və bura daha çox insan cəlb edək. Artıq Bakıda, Heydər Əliyev Mərkəzinin yanında konqres zalı da inşa olunur. Tədbirlər bundan sonra bu zalda keçiriləcək».
Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan dövləti, Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesinin fəaliyyətinə dəstək verir. Bununla belə, bəzən idarəetmədə, qanunvericilikdə tətbiq etdiyimiz qaydalar, əsasnamələr turizm sənayesinin sürətli inkişaf tempi ilə ayaqlaşmır: “Bu bizi həm sevindirir, həm də irəliyə baxmağa məcbur edir. Biz real rəqəmləri təhlil etdikdə görürük ki, internet vasitəsilə səyahətlər təşkil olunur, insanlar müasir texnologiyalardan istifadə edərək bəzən turizm şirkətlərinə də ehtiyac duymurlar. Burada qanunvericilik, nəzarət sistemi, təhlükəsizlik və digər məsələlərlə bağlı suallar yaranır. Ona görə də bu fəaliyyəti koordinasiya edən bir quruma ehtiyac var».
Nazir onu da bildirdi ki, Azərbaycanda turizmin inkişafına dair ikinci dövlət proqramı bu il başa çatır. Üçüncü proqramın qəbulu təcili olaraq turizm qanunvericilik sisteminin dəyişdirilməsini zəruri edir və yeni qanunun qəbulu vacibdir.
Bakı MİCE turizm məkanı
kimi çox cəlbedicidir
Tədbirdə Azərbaycan Konqreslər Bürosunun satış və marketinq menecerləri Anar Nərimanov və Ayan Zeynalova marketinq planı və alətləri barədə təqdimatla çıxış etdilər, qurumun www.azcb.com internet səhifəsi təqdim olundu.
AKB-nin üzvü olan «Azərbaycan Hava Yolları» QSC-nin vitse-prezidenti Arif Məmmədov təmsil etdiyi qurum haqqında məlumat verdi.
Almaniyanın «KORESE Convention & Event Service» şirkətinin sahibi Frenk Aşentrup müştəri nöqteyi-nəzərindən MİCE turizminin əhəmiyyəti haqqında danışaraq bildirdi ki, Bakı turizmin bu növü üçün çox cəlbedici məkandır. Konfrans və tədbirləri cəlb etməklə Azərbaycan bu sahədən böyük gəlir əldə edəcək.
«JW Mariott Absheron Hotel»in baş meneceri Martin Kleynman turizm təşkilatlarının Konqreslər Bürosuna üzvlüyünün əhəmiyyətindən danışdı və qeyd etdi ki, birgə fəaliyyət hər kəsin marağına uyğundur.
Sonda AKB-nin üzvlük modellərinin təqdimatı keçirildi və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Fəxriyyə Abdullayeva