Sentyabrın 15-də Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində Bilik Gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri məktəbin direktoru Elxan Məmmədov açaraq yeni dərs ilində şagirdlərə və müəllim heyətinə uğurlar arzuladı, Azərbaycan təhsilinin bugünkü inkişafından danışdı. Bildirdi ki, son illərdə ölkəmizdə təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Son illərdə inşa edilən yeni məktəb binaları, təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanması dövlətimizin bu sahəyə qayğısının bariz nümunəsidir.
Qeyd olundu ki, musiqi və incəsənət məktəblərinin təmiri və tikintisi, yeni avadanlıqlarla təchiz edilməsi gənc nəslin bədii təhsilə olan marağının daha da artmasına, yüksək səviyyəli tədrisin həyata keçirilməsinə zəmin yaradır: “Musiqi və incəsənət məktəblərinin uşaqların estetik zövqünün formalaşmasında əhəmiyyətli rolu var. Uşaq incəsənət məktəbi olaraq biz də bu sahədə bütün imkanlardan istifadə edərək gənc nəslin yetişməsinə öz töhfələrimizi veririk”.
Sonra konsert proqramı təqdim edildi. Məktəbin şagirdləri Ayla Quliyeva (fortepiano), Elmina Qasımova (fortepiano), müəllimlər Aslan Məlikov (nağara), Cavidan Nəbiyev (qarmon) və digərlərinin çıxışı alqışlarla qarşılandı.

Lalə Azəri