Azərbaycan İstiqlal Muzeyinin kollektivi “Keçmişimizə və gələcəyimizə dəstək” aksiyası çərçivəsində Beynəlxalq Ahıllar Günü və müqəddəs Qurban bayramı münasibətilə oktyabrın 2-də Bilgəh qəsəbəsində yerləşən Qocalar evini ziyarət edib.
Muzeyin təşkilatçılığı ilə alınan bayram sovqatı pansionatda yaşayan 170-ə yaxın ahıla təqdim olunub. Bəzən imkansızlıqdan, bəzən isə bütün imkanları ola-ola övladlar öz valideynlərini dövlətin himayəsinə verirlər. Belə xeyriyyə tədbirlərin təşkilində də məqsəd ictimaiyyətin diqqətini bu insanlara yönəltməkdir.
Son illər Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın köməyə ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı, xeyirxahlıq bu ünvandan da yan keçməyib. Qocalar evi müasir tələblərə uyğun təmir edilib. Bu insanlara göstərilən diqqət ən yüksək səviyyədədir. Ahıl insanların hər zaman bir doğma nəfəsə də ehtiyacları var. Məhz bu səbəbdən Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları belə tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.