Serbiyanın paytaxtı Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kitabxananın açılışı olub.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Serbiya parlamentində Azərbaycan ilə əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri, Serbiya Mədəniyyət və İnformasiya Nazirliyinin, Milli Kitabxanasının nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının əməkdaşları iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə qonaqları salamlayaraq qurumun fəaliyyəti, yeni yaradılan kitabxana barədə məlumat verib.
Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin yeni ofisinin 2013-cü ilin dekabrında açıldığını xatırladaraq ötən müddətdə burada səfirliyin də dəstəyi ilə bir sıra tədbirlərin, o cümlədən Serbiya və Azərbaycan musiqiçilərinin iştirakı ilə konsertin, rəsm sərgilərinin keçirildiyini deyib.
Səfir yeni açılan kitabxanada Azərbaycanın klassik və müasir ədəbiyyatına, tarixi və mədəni irsinə dair kitabların, eləcə də müasir sosial-iqtisadi inkişafı, əldə etdiyi uğurlar barədə nəşrlərin toplanacağını vurğulayıb. Kitabxana dost serb xalqının Azərbaycanı daha da yaxından tanımasına əvəzsiz töhfəsini verəcək. Diplomat Azərbaycanın Xalq yazıçısı Elçinin Serbiyanın Balkan regionunda nüfuzu ilə seçilən “Kariç Fondu”nun təsis etdiyi beynəlxalq ədəbiyyat mükafatına layiq görüldüyünü diqqətə çatdıraraq mədəni əlaqələrin xalqlarımızın dostluğuna xidmət etdiyini vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərin sürətli inkişafından və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edən Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində yaradılan kitabxananın işinə uğurlar arzulayıb, bu hadisəni iki xalqın bir-birini daha yaxından tanımasında növbəti addım kimi qiymətləndirib.
Sonra serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim edilib. İştirakçılar serbiyalı sənətşünas Konstantin Novakoviçin ölkəmizə səfəri zamanı çəkdiyi şəkillərdən ibarət fotosərgi ilə də tanış olublar.