Oktyabrın 24-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə səfərdə olan bir qrup xarici KİV nümayəndəsi ilə görüşüb.
Görüş zamanı Böyük Britaniyanın «The Times», Türkiyənin «Hürriyet», «Sabah», Fransanın «L"Express», «D"Architecture», İtaliyanın «Ottagono», Rusiyanın «Architectural Digest» qəzet və jurnallarının təmsilçilərinə Azərbaycanın turizm imkanları, mədəniyyəti, Bakının və regionların tarixi barədə məlumat verilib. Qeyd olunub ki, ölkə başçısının rəhbərliyi ilə turizm sahəsinin inkişaf etdirilməsi və mədəni irsin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə icra olunan proqramlar barədə də danışıb. Dövlət başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı»nın əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirib ki, ölkə üzrə 6 mindən çox tarixi-mədəniyyət abidəsi qeydiyyata alınıb, dövlətin bu sahəyə diqqətinin nəticəsində bir çox mədəni irs nümunələrimiz dünyada tanınır. Bu sırada UNESCO-nun müvafiq siyahılarına daxil olan abidələr xüsusi yer tutur. Abidələrin qorunması Azərbaycanın da qoşulduğu Dünya İrs Konvensiyasına uyğun olaraq həyata keçirilir. UNESCO-nun maddi irs siyahısına daxil olan Qobustan qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar kompleksi barədə jurnalistlərə məlumat verilib.
Qonaqlar UNESCO-nun siyahısına daxil olmuş qeyri-maddi irs nümunələri, o cümlədən Azərbaycanın xalça sənəti, paytaxtımızda yeni istifadəyə verilmiş Xalça Muzeyi barədə də məlumatlandırılıb. Qeyd olunub ki, muzeydə xalça sənətimizin nadir nümunələri qorunub saxlanır.
KİV təmsilçiləri “Avropa Oyunları 2015»-ə hazırlıq barədə müxtəlif suallar veriblər. Qonaqların diqqətinə çatdırılıb ki, bu istiqamətdə işlərin həyata keçirilməsi üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə xüsusi Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində bir sıra dövlət qurumları təmsil olunur. Beynəlxalq tədbir günlərində ölkəmizə gələcək qonaqlar üçün mədəni proqramların və turların təşkili Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək.
Görüş zamanı jurnalistlərin Azərbaycanda turizmin inkişafı ilə bağlı sualları da ətraflı cavablandırılıb. Bildirilib ki, həm paytaxt Bakıda, həm də respublikanın regionlarında müasir turizm infrastrukturu qurulur, yay və qış turizminin inkişafı istiqamətində işlər görülür.
Qeyd edək ki, xarici media nümayəndələri ölkəmizin bölgələrində də olub, regionların turizm potensialı ilə tanışlıq imkanı əldə ediblər.
F.Abdullayeva