Səməd Vurğunun ev-muzeyində Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib. Tədbiri muzeyin direktoru Aygün Vəkilova açaraq Hüseyn Arifin yaradıcılığından danışıb.
Gənc müğənni Rövşən Əziz sözləri Hüseyn Arifə, musiqisi Səid Rüstəmova aid olan “Şeir deyilmi” mahnısını Rəşad Hüseynovun fortepianoda müşayiəti ilə ifa edib.
Xalq şairi Zəlimxan Yaqub Hüseyn Arifin şeirlərinin xəlqiliyindən bəhs edib, onunla bağlı xoş xatirələrini bölüşüb. AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman və digər çıxış edənlər Hüseyn Arifin yaradıcılığından, poeziyasının məziyyətlərindən söz açıblar.
Şairin 1979-cu il mayın 27-də muzeydə Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirdə etdiyi çıxışının lent yazısı səsləndirilib. Sonda Hüseyn Arifin qızı Zöhrə xanım muzeyin kollektivinə və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirib.