Paytaxtımızda Avropa Şurasının mədəni marşrutlar üzrə forumu keçirilir

Oktyabrın 30-da «JW Marriott Abşeron» hotelində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində 2014-cü il üçün Mədəni Marşrutlar üzrə Məşvərət Forumu işə başladı. Forum Avropa Şurasının mədəni marşrutlara, mədəniyyətlərarası dialoq və mədəni turizm mövzusuna həsr olunmuş ənənəvi illik toplantısıdır.

Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi forumun açılışından əvvəl mətbuat konfransı keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç, Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin sədri Elke Atzler, Avropa Şurasının Bakı ofisinin direktoru Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardın iştirak etdiyi mətbuat konfransında tədbirin əhəmiyyəti qeyd edildi.

“Ölkəmiz tolerantlıq nümunəsidir”

Sonra forumun açılışı keçirildi. Açılışda çıxış edən nazir Əbülfəs Qarayev Avropa Şurasının 29 mədəni marşrutunu təmsil edən şəxslərin, Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin 23 üzv dövlətinin, turizm və mədəni irs sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, alimlərin, mütəxəssislərin qatıldığı tədbirin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi.
Bildirdi ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən, müxtəlif mədəniyyətlərin, dinlərin yanaşı yaşadığı bir məkandır: “Biz bununla fəxr edirik. Azərbaycan əsl tolerantlıq nümunəsidir. Biz bu tarixi ənənənin daha da genişləndirilməsinə çalışırıq. Ölkə rəhbərliyinin təşəbbüsü ilə gələn il Bakıda artıq 3-cü dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Hesab edirəm ki, bugünkü konfrans da o forumun davamı kimi qəbul oluna bilər. Çünki mədəniyyətlə turizm bir-birini tamamlayır və ən əsası da insanları birləşdirir».
Nazir bildirdi ki, Avropada insanların talelərini birləşdirən maraqlı layihələr həyata keçirilir. Bu marşrutların bəziləri həmçinin Asiyanın, Şimali Afrikanın qonşu bölgələrini əhatə edir: «Mədəniyyət və turizm bu gün sərhədsizdir. Ötən il BMT-nin Baş Assambleyasında UNESCO ilə Dünya Turizm Təşkilatı arasında bir müqavilə imzalandı. Bu sənəd mədəni turizmin inkişafına həsr olunub. İki böyük təşkilat arasında əməkdaşlıq uzunmüddətli strateji plan kimi elan edilib. Hesab edirəm ki, Azərbaycan öz tarixi və müasirliyi ilə müəyyən nümunələr də göstərə bilər. Ölkəmiz «Aleksandr Düma Qafqazda» və «Avropanın şərab yolları» marşrutlarında iştirak edir. Eyni zamanda Avropa üçün maraq kəsb edəcək daxili proqramlarımız var. Şəmkir, Göygöl, Gəncə zonasında «Alman məskənləri» turizm marşrutu mövcuddur. Mədəni irs sahəsində italiyalı həmkarlarımızla əməkdaşlıq edirik. Qobustanda Roma legionerlərinin izlərini görmək mümkündür. Hazırda İtaliyanın Paestum şəhərində keçirilən XVII «Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası»nda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunur və xüsusi qonaq qismində çıxış edir”.
Nazir qeyd etdi ki, Azərbaycan regional proqramlarda da iştirak edir: “Türkiyə, Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən «Qafqaz dağlarının qalaları» turizm marşrutu üzərində çalışırıq. Ölkəmiz Dünya Turizm Təşkilatının “İpək Yolu” layihəsində iştirak edir. Bir sözlə, Azərbaycan dünyada gedən hər hansı bir prosesə qoşula bilər, təbii ki, əgər bu layihə sülh, əmin-amanlıq və qarşılıqlı hörmət meyarıdırsa. Hesab edirəm ki, bu konfransda iştirak edən təşkilatların nümayəndələri dəyərli təkliflər irəli sürəcəklər, maraqlı və cəlbedici marşrutlar üzərində yeni əməkdaşlıq münasibətləri formalaşdıracaqlar. Ümidvaram ki, tədbirin nəticəsi olaraq Azərbaycandakı turizm marşrutlarına diqqət daha da artacaq. 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçiriləcək və düşünürəm ki, bu çoxsaylı qonaqlar təkcə idman yarışlarını izləmək üçün deyil, həm də bir turist kimi ölkəmizə gələcəklər”.

Azərbaycanın turizm sənayesi inkişaf dövrünü yaşayır

Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç çıxışında bildirdi ki, Avropa Şurasının mədəni marşrutlarının kökündə insanlara həssas yanaşma durur: «Apardığımız müzakirələr sülh cəmiyyətinin yaranmasına rəvac verir».
Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin sədri Elke Atzlerin sözlərinə görə, forum uğurlu təcrübələrin paylaşıldığı mühüm bir tədbirdir. Bu il müzakirələr mədəni marşrutların mədəniyyətlərarası dialoqun və davamlı sosial və iqtisadi inkişafın təşviqinə necə xidmət etməsi, müasir cəmiyyətlərin necə qavranılması mövzularına həsr olunub: «Azərbaycanın turizm sənayesi hazırda inkişaf dövrünü yaşayır. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın Avropanın mədəni irs şəbəkəsinə qoşulması üçün çox vacibdir». Avropa Şurasının Bakı ofisinin direktoru Draqana Filipoviç çıxışında bildirdi ki, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycanın mədəni və dini müxtəlifliyi bizim hər birimizi daha yaxşı dünya yaratmağa rövnəqləndirən və eləcə də gələcək nəsillər üçün amildir. Azərbaycan sadəcə özünün mədəni müxtəlifliyi ilə deyil, eyni zamanda tolerantlığı ilə də seçilən zəngin bir mədəni irs ölkəsidir.
Çıxışlardan sonra forum «İnsbrukdan Bakıya - 2013 forumundan bu vaxta qədər əldə olunan nailiyyətlər», «Mədəni marşrutlar - turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi» və s. mövzularda sessiyalarla davam etdi.
Oktyabrın 31-də davam edəcək tədbirdə «Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi», «Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək», «Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar», «Avropa Şurasının mədəni marşrutları boyunca «müharibə və sülh» mövzularında müzakirələr aparılacaq.

F.Abdullayeva