Noyabrın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən bir qrup teatr xadimi ilə görüşdü.
Heyətə Beynəlxalq Kukla Teatrları Assosiasiyasının baş katibi Jak Trüdo, Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının prezidenti İvet Hardi, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais, Teatr Rəssamları, Texniki İşçiləri və Memarların Beynəlxalq Təşkilatının prezidenti Luis Yanssen, Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının idarə heyətinin üzvü Boris Daussa Pastor, Yunanıstan Milli Teatrı idarə heyətinin üzvü Georqius Çatkazis, Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri Tunqişbay Camankulov və Ərəb Teatr Tənqidçiləri Assosiasiyasının prezidenti Said En-Naji daxil idi.
Qonaqları salamlayan nazir onların Bakı konfransda iştirakını yüksək qiymətləndirdi, bu tədbirin artıq ənənəvi hal aldığını və beynəlxalq teatr təşkilatlarının konfransa qatılmasının önəmli hadisə olduğunu vurğuladı.
Bildirdi ki, hər bir iş ilk addımdan başlayır: “Biz ilk konfransı keçirəndə düşünmürdük ki, bu diskussiyalar davamlı olacaq. Dünyanın müxtəlif yerlərindən teatr xadimlərinin, mütəxəssislərin konfransa maraq göstərməsi, onların maraqlı təqdimatları tədbirin davamlı olmasına, müzakirələrin səviyyəsinin artmasına böyük təkan verdi. Dünyanın aparıcı beynəlxalq teatr təşkilatlarının rəhbərlərinin bu konfransa qatılmasını isə xüsusilə qiymətləndirirəm. Bu təşkilatlar dünya teatr prosesinə müsbət təsir göstərir və real olaraq beynəlxalq əlaqələrin genişləndirilməsində, multikulturalizm baxımından dəyərli layihələrin gerçəkləşməsinə şərait yaradırlar”.
Nazir ümidvar olduğunu bildirdi ki, Bakıda gerçəkləşən növbəti konfrans multikulturalizm anlamında Azərbaycan və dünya teatrının yeri və rolu haqqında çox ciddi fikir mübadiləsinə səbəb olacaq, ölkələrarası teatr əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.
Ölkəmizdə teatr sənətinin dövlət mədəniyyət siyasətinin prioritet sahələrindən olduğunu deyən Əbülfəs Qarayev qonaqlara “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı haqqında məlumat verdi, proqramın icrası ilə bağlı görülən işlər barədə danışdı. Qeyd olundu ki, əsas məqsədimiz Azərbaycan teatrını beynəlxalq səviyyədə tanıtmaqdır. Nazir həmçinin ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq mədəniyyət tədbirlərdən söz açdı. Qonaqlar səmimi qəbula və konfransın yüksək səviyyədə təşkil olunmasına görə nazirə təşəkkürlərini bildirdilər. Bakı Beynəlxalq Teatr Konfransının böyük layihə olduğunu və dünya teatrlarının bir-birini tanımasında, beynəlxalq əlaqələrin qurulmasında mühüm əhəmiyyətini vurğuladılar. Bildirildi ki, konfrans zamanı aparılan müzakirələr yeni ideyaların yaranmasına və bu ideyaların reallaşmasına gətirib çıxarır.
Qonaqlar Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu və dünyada baş verən mədəni hadisələrdə böyük rol oynadığını qeyd etdilər. Beynəlxalq təşkilatlarla Azərbaycan teatrlarının əlaqələrinin yüksək səviyyədə olduğu vurğulandı. Azərbaycan teatrı və dünya teatrlarının təcrübəsi mövzusunda fikir mübadiləsi aparıldı.
Lalə Azəri