Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Qafqaz Universitetinin professoru Minəxanım Təkləli Nuriyevanın «Sarı gəlin» kitabının təqdimat mərasimi keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq Azərbaycan xalqının mənəvi dünyasını zənginləşdirən sənət nümunələrinin yaşadılmasının əhəmiyyətindən danışıb və bu baxımdan professor Minəxanım Təkləli Nuriyevanın «Sarı gəlin. Azərbaycan xalq türküləri» kitabını yüksək qiymətləndirib: “Kitab müəllifin çoxillik elmi axtarışlarının nəticəsidir. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir”.
Ə.Amaşov professor M.Təkləliyə Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə edib, xalq yaradıcılığı nümunələrinin toplandığı belə bir kitabın musiqi məktəblərində tədrisinə ehtiyacın duyulduğunu deyib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, «Sarı gəlin» kitabı türkçülüyün qorunmasına xidmət edən elmi, eyni zamanda bədii əhəmiyyət daşıyan topludur.
Əməkdar jurnalist Flora Xəlilzadə milli musiqilərimizi ifa edən şəxslərin nəşrə xüsusilə diqqət göstərməsinin zəruriliyini vurğulayıb. Qafqaz Universitetinin rektoru Əhməd Saniç təhsil ocağının dəstəyi ilə Azərbaycanın milli mənəvi irsinə dair 20-dək kitabın nəşr edildiyini diqqətə çatdırıb, toplunun müəllifinə yeni uğurlar arzulayıb.
Filologiya elmləri namizədi Qərənfil Dünyaminqızı, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli və digər çıxış edənlər milli musiqilərimizin olduğu kimi, təhrif edilmədən xalqa çatdırılmasının zəruriliyindən bəhs ediblər, orijinal mətnlərin toplandığı «Sarı gəlin» kitabının geniş yayılmasının vacibliyini diqqətə çatdırıblar.