Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi Ankarada qeyd olunub
Noyabrın 25-də Ankarada, Türkiyə Milli Kitabxanasının konfrans salonunda Azərbaycanın görkəmli yazıçı-dramaturqu İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. TÜRKSOY-un, iki ölkənin mədəniyyət və turizm nazirliklərinin və milli kitabxanalarının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə iştirakçılar əvvəlcə ədibin həyat və yaradıcılığını əks etdirən foto və kitab sərgisinin açılışına qatılıblar.
Mərasimi TÜRKSOY-un baş katibi Düsen Kaseinov açıb. Baş katib qeyd edib ki, təşkilatın məqsədlərindən biri İlyas Əfəndiyev kimi türk dünyasında xüsusi xidmətləri olmuş görkəmli şəxsiyyətləri yeni nəslə tanıtmaq və xatırlatmaqdır.
Tədbirə qatılan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın görkəmli ədibinin yubileyinin Ankarada qeyd olunmasının əhəmiyyətini vurğulayıb. TÜRKSOY-un medalı ilə təltif olunan Mövlud Çavuşoğlu bu medalı İlyas Əfəndiyevə həsr olunmuş tədbirdə almasından böyük şərəf duyduğunu bildirib.
Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə rəmzi lent kəsilib. İştirakçılar İlyas Əfəndiyevin həyat və yaradıcılığını əks etdirən foto və kitablarla tanış olublar.
Sonra ədibin yubileyinə həsr olunmuş konfrans işə başlayıb. Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açılış nitqi ilə çıxış edib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq İlyas Əfəndiyevin yubileyi ilə bağlı silsilə tədbirlərdən söz açıb.
Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Nizaməddin Şəmsizadə və Ərzurum Atatürk Universitetinin ədəbiyyat fakültəsinin dekan müavini, professor Sədat Adıgözəl İlyas Əfəndiyevin yaradıcılıq məziyyətlərindən ətraflı danışıblar. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Xalq artisti Amaliya Pənahova ədibin həyat və yaradıcılığı, Azərbaycan teatr sənətinə töhfələrindən bəhs ediblər.
Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmovun ifasında İlyas Əfəndiyevin “Mənim günahım” əsərinin tamaşasından parça nümayiş olunub.
Sonda ədibin nəvəsi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva çıxış edərək tədbirin təşkilinə görə Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirliklərinə, milli kitabxanalarına, TÜRKSOY təşkilatına təşəkkürünü bildirib.