Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ağır nəticələrini diqqətə çatdırıb
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu sessiyası keçirilir. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
25-26 noyabr tarixində sessiyada yüksək vəzifəli şəxslərin görüşü keçirilib. İclaslarda İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.
Sessiya çərçivəsində COMCEC-in dəstəyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsinin təqdimatı olub. Layihənin koordinatoru Türkan Rüstəmova Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə edən layihə barədə ətraflı məlumat verib.
Noyabrın 27-də COMCEC-ə üzv ölkələrin nazirlərinin iclası işə başlayıb. "İƏT-ə üzv ölkələrdə turizm sektorunun inkişafında dövlət-özəl sektor əməkdaşlığının rolu" mövzusunda iclasa 54 ölkədən nümayəndələr qatılıb. İclasın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Gündəliyə üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq təşəbbüslərinin müzakirəsi, komitənin strategiyasının tətbiqinin qiymətləndirilməsi və s. məsələlər daxildir.
İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın COMCEC-də yeri və rolu, nazirliyin həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti barədə danışıb.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin ağır nəticələri barədə məlumat verən nazir diqqətə çatdırıb ki, torpaqlarımızın 20 faizinin işğal altında olması turizmin inkişafına da mənfi təsir göstərir. Bununla yanaşı, düşmən ölkə beynəlxalq turizm sərgilərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz ərazisi kimi təqdim etməyə çalışır. Belə halların qarşısını almaq məqsədilə üzv ölkələri bu məsələyə diqqətli yanaşmağa və Azərbaycanın maraqlarını qorumağa çağıran nazir mədəni irsimizin qorunmasında tərəflərin həmrəyliyinin vacib olduğunu diqqətə çatdırıb.
İslam mədəni irsinin qorunub saxlanılmasının və təbliğinin önəmli olduğunu qeyd edən Əbülfəs Qarayev təşkilata üzv ölkələri 2015-ci ildə Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.
Sessiya çərçivəsində beynəlxalq sərgi və biznes forumunu da təşkil edilib. Tədbir noyabrın 28-də işini başa vuracaq.